Azərbaycanlı aktrisa: "Onlar soyunub səhnəyə çıxanda normal qarşılanır, bizdə isə..." - FOTO

"İstərdim ki, ana olum"

"Yuğ" Dövlət Teatrının aktrisası Zümrüd Qasımovanın Milli.Az-a müsahibəsi.
- Aktrisalığın hansı cəhətləri sizi bu sənəti seçməyə vadar etdi?

- Aktrisa olmaq mənim uşaqlıq arzum olub. Ona görə bu sənəti seçmişəm.

- Aparıcılıq sizin hobbinizdir, yoxsa peşəniz?

- Aparıcılıq mənim ikinci sənətimdir. Bu peşəni çox sevirəm və işimdən zövq alıram.

- Seçim qarşısında qalsanız, aparıcılığı seçərsiniz, ya aktrisalığı?

- Bilmirəm (gülür). Çünki hər ikisi də mənə doğmadır, əzizdir.

- Ən çıxılmaz vəziyyətdə qaldığınız an hansı olub?

- Dəqiq yadımda deyil. Təbii ki, belə anlar olub. İnsan hər bir çıxılmaz vəziyyətdən çıxmağa qadirdir. Bircə ölümə çarə yoxdur.

- Xarici filmlərdən dəvət almısınız?

- Bəli, almışam. Ancaq görəcəyim işin müqabilində təklif olunan qonorar məni qane etmədiyi üçün dəvəti qəbul etməmişəm.

- Sizə verilən hər rolu oynamısınız?

- Bəli, mənə həvalə olunan hər rolu oynamışam. Çünki ürəyimcə olub.

- Çəkildiyiniz filmlərdə geyiminiz bəzən çox açıq-saçıq olub. Bununla bağlı qınaq hədəfinə çevrilmisinizmi?

- Düz deyirsiniz, açıq-saçıqlıq olub. Amma bununla bağlı məni qınamaq düzgün olmazdı. Xarici müğənnilər və yaxud da aktrisalar soyunub səhnəyə çıxanda normal qarşılanır, bizdə isə buna münasibət birmənalı olmur. Nəzərə almaq lazımdır ki, bu mənim işimdir.

- Həyatda məqsədiniz nədir?

- Bilirsiniz, mən çox ağır xəstəlik keçirdim. Hətta ölümdən döndüm desəm, yanılmaram. Yerli klinikalardan birinin qoyduğu səhv diaqnoz məni altı ay geri saldı, müalicəmi gecikdirdi. İki ilə yaxın teatrdan, efirlərdən uzaq qaldım. Şükürlər olsun ki, yenə də ayaq üstəyəm. İndi teatra gedib-gəlirəm, ANS telekanalında "İkinci həyat" verilişini aparıram. Buna görə bütün dostlarıma, eləcə də ANS televiziyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. İndi yalnız ailəm və işim barədə düşünürəm. İstərdim ki, ana olum. Eləcə də, sənətimdə daha çox uğurlar qazanım.

- Ailə demişkən, ailə həyatınız necədir?

- Artıq iki il yarım olar ki, ailə həyatı qurmuşam və hər şey qaydasındadır.

- Kaprizləriniz var?

- Kaprizlərim çoxdur. Onlardan biri budur ki, həmişə diqqət və qayğı tələb edirəm. İstəyirəm ki, bütün diqqətlər mənə yönəlsin.

- Səhnədən kənarda rola girməyi bacarırsınız?

- Əslində, bütün insanlar maskalanıb gəzirlər. Mən həyatda rola girməyi o qədər də bacarmıram.

- Mənfi xüsusiyyətləriniz hansılardır?

- Səbirsiz, kinli, qəddaram. Mənə edilən pislikləri heç vaxt unuda bilmirəm. Özümə çox zülm edirəm. Bunlar mənim mənfi xüsusiyyətlərimdəndir.

- Səhvlərinizi vaxtında bilib düzəldə bilirsiniz, yoxsa gecikirsiniz?

- Deyərdim ki, bacarıram. Amma bəzən gecikdiyim hallar da olur. Mən özümə qarşı çox laqeydəm. Canımın qədrini bilmirəm.

- Neçə dəfə sevmisiniz?

- Mən bircə dəfə sevmişəm. O da həyat yoldaşımı.

- Sizcə, bizim seriallarda nə çatışmır?

- Ola bilər ki, maddi çatışmazlıqlar var. Amma ümid edirəm ki, gələcəkdə bu problem də ortadan qalxacaq və bizdə çox gözəl seriallar çəkiləcək.

- Teatrda boşluqlar çoxdur?

- Şəxsən mənin oynadığım teatrda elə bir boşluq yoxdur. Başqa teatrlar haqqında heç nə deyə bilmərəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31