Adam... Elçin Hüseynbəyli yazır
(Anar üçün) ...Söhbət uzaqdan başlayıb yaxına gəlir. -Deyirsən yəni heç nəyi yoxdu?! – diqqətlə və sualedici nəzərlə, bir az da çasqınlıqla soruşur. Ancaq bu çaşqınlıq bir oyundu. Dərhal duyuram. -Var,- deyirəm, -necə yəni yoxdu? Əsərləri, övladları, vəzifəsi... Gülümsünür. Şeytani təbəssüm üzündən çəkilmir. -Sən düzəlmədin ki, düzəlmədin, -deyir və yenidən eyhamla gülür. -Düz deyirəm, onun sən deyən mənada heç nəyi yoxdur.
18 Sentyabr 2017 12:26 Mədəniyyət(Anar üçün)
...Söhbət uzaqdan başlayıb yaxına gəlir.
-Deyirsən yəni heç nəyi yoxdu?! - diqqətlə və sualedici nəzərlə, bir az da çasqınlıqla soruşur. Ancaq bu çaşqınlıq bir oyundu. Dərhal duyuram.
-Var,- deyirəm, -necə yəni yoxdu? Əsərləri, övladları, vəzifəsi...
Gülümsünür. Şeytani təbəssüm üzündən çəkilmir.
-Sən düzəlmədin ki, düzəlmədin, -deyir və yenidən eyhamla gülür.
-Düz deyirəm, onun sən deyən mənada heç nəyi yoxdur.
-Ay sadəlövh, ay... - deməyə söz axtarır... - Onun hər şeyi var, sadəcə sən bilmirsən.
-Nə mənada?
-O məna da ki. Onun obyektləri də var, bağ-bağatı da, "krışalıq" elədiyi adamlar da.
-Ola bilməz. Nəsə olsaydı, mən bilərdim. Heç olmasa ucundan-qulağından. Gör neçə vaxtdır bir yerdə işləyirik. Bağı-zadı yoxdu. Atasının bağını bacıları arasında bölüşdürüb. Özü hökumətin verdiyi bağ evində dincəlir, vaxtı olanda. Zaqulbada, özü də üç otaqlı mənzildir.
-Ha..ha..ha!!!
Yenə də səfeh kimi gülür.
-Bilirsən, -deyirəm, - o elə adamlardandır ki, dünya malında gözü yoxdur.
- Yox əşi!!! Bəs nədəndir belə məğrurluğu?
-Sən kimin nəvəsisən, -deyirəm və burda acıqlanmağa başlayıram. -Bir baban oğru, biri də çoban. Bəs onun babları kimdi? Biri ruhani, biri də nazir. Molla yox ha, ruhani. Nazir yox ha, ilk nazir. Bəs atası, bəs anası?Atası məşhur şair. Anası həm məşhur şairə, həm də məşhur soyadın davamçısı. Gəncədə ilk məktəb açanlar, maarifçilər, Azərbaycanın ilk ədliyyə nazirinin qızı...
Bir az fikirləşir. Deyəsən, beyninə batır. Mən monoloqumu davam etdirirəm:
-Bilirsən, üç deyim var: deyirlər ki, bir dağdan enəndən, bir dinini dəyişəndən, bir də görməmişdən qorx. Necə bilirsən, bu qədər görmüş adam doğrudanmı dünya malına tamah salar?
-Yəni...
-Əsas nəfsdir, -deyirəm, -nəfsini saxlamalısan.
-Sən peyğəmbərdən danışırsan?
-Yox, -deyirəm, - heç özünün də elə iddiası yoxdu. Mən adamdan danışıram, adamdan! Böyük mənada, ziyalıdan, yazıçıdan, söz adamından!!!
-Sən hələ də düzəlməmisən, -deyir və təzədən gülür.
Bu dəfə ona tərs-tərs baxıram.
-Nə deyim sənə!? - deyirəm və yağlı bir söyüş işlədirəm.
Hirsləndiyimi görüb özünü düzəldir.
-Yox, deyəsən, düzəlməyən mənəm, - tacir dostum deyir və əlini mənə uzadır...
...Əlcəyi olsaydı...
Sentyabr, 2017