Qadını vuran əlləriylə silər göz yaşını kişilər - ŞEİRLƏR

"Olaylar" Vasif Əlhüseynin  şeirlərini təqdim edir.

Bax belə,

sənə zarafat gəlir,

hər şey.

Əzrayılın

əsəblərinə toxunur,

güldüyümüz dəqiqələr.

Nə vaxtsa,

adamların qolları

metro eskalatorları olacaq.

Biz isə

metro sərnişinləri kimi,

qollarında enəcəyik

yerin altına.

Minəcəyik

o dünyanın qatarına

gedəcəyik.

"Nizami" dayanacağında

düşmək şərtilə

***

Kəndin işsiz kişilərinin gücü

qadınlarına çatar ancaq

hələ siqaretlərini də o qadınlar

nisyə alarlar dükandan

Kənd qadınının

ərindən umduğu sevgidi

üzündəki sillə izləri

qadın elə bilir döyülməlidi

kişi elə bilir döyməlidi

burda qadınlar palaz ayaqlayar

kişilər isə qadın...

Atalara qarşı nifrət hissidi

qadın bətninə vurulan təpiklər.

Evə sərxoş gələn kişilər

sonradan anlayacaq

dünyaya şikəst uşaq gətirdiklərini.

Dünyanın

ən təhlükəli müharibəsidi

böyüklərin uşaq yanındakı davası

onlar sonradan görəcəklər

uşaqların bədənindəki

qəlpələrin ağrısını

hər şey üçün gec olacaq.

***

Arvadı ölmüş kişilərin

başına daş düşüb kəndimizdə

Oturub məzar başında

Qadını vurduqları

əlləriylə silərlər göz yaşlarını

İndi bilərlər

qadını ölmüş evlərdə

kişilərin lazımsız olduğunu

bir qadını ölmüş küçənin

bir qadını ölmüş evin

bir də qadını ölmüş kişinin çəkdiyi

dünyanın ən böyük işgəncəsidi...

***

Heç kimi unutmamışam,

yaddaşımın küncündə

o qədər qadın var ki,

hərəsi bir günahıma görə

uşaq doğur başqasından.

***

BİZİM UŞAQLIQ XATİRƏLƏRİMİZ 

İçimizdə o qədər böyümək həvəsi var idi
həmişə böyük adamların əyninə paltar alırdıq
evdə deyirdilər ki - gələn ildə geyərsiniz

Əynimizdəki köynəklərin qolları qısaldıqca
biz də böyüyürdük
bir az da ömrümüz qısalırdı, köynək qolları kimi

nə yaxşı həftə sonu var idi,
dəyişəyi olmayan paltarları yumaq üçün

Yazıq anamın dırnaqları su çəkmişdi
paltar yumaqdan
bir də palçığa bələdiyimiz daroşqaların üstündə
rezin çəkməylə şaqat eləyirdi yazıq qadın

İndi o daroşqaların üstündə 
o qədər iz var ki:
bizim uşaqlıq xatirələrimiz
        və bir də anamın ayaq izləri



ONDA DAHA BÖYÜK GÖRÜNÜRDÜK

Gözəl uşaqlığımız vardı 
kəndimizdə
park nə idi, bilmirdik
qoyun nabatında 
oxuyardıq dərsimizi

Onda nənəm - babam sağ idi
o, qədər qoca vardı
kəndimizdə
qocaların hesabına
uca idi kəndimiz də

Onda pulsuz vaxtlarımız var idi
bizə də öyrətmişdilər
cibi boş kişilərin
nisyə siqaret almağını

Onda daha böyük görünürdük
atamız - anamız arxamızda gizlənəndə
işıq pulu yığanlara:
-Evdə heç kim yoxdu - deyəndə.

Atamın sağ əli üçün 
aldığı təqaüt də bir işə yaramırdı
deyirdi bu nə puldu
tək qolla yaşayan adam üçün

 İndi hamımız təkik
atamın sol əli kimi 
 
    

MƏN DƏ ELƏ DARIXIRAM 

Gözlərim yola dikilir,
günlərim daralanda.
Mən də elə darıxıram,
gecələr qaş qaralanda. 

Hər gün evimdə təm-təkəm,
divarlar üstümə gəlir.
Bəzən olur, təkliyimdə,
özümün pisimə gəlir.

Gəlir adamlar düz keçir,
evimin işığı sönmür.
Daha sənin kimi heç kim,
dolanıb başıma dönmür. 

Vaxtımı verirəm bada,
darıxıb hara gəlirəm.
Günləri paltarım kimi,
ağ yuyub, qara sərirəm. 
 

SİNƏM QADIN BAŞI ÜÇÜN AĞRIYIR 

Köynəyimi geyən gündən
içimə hopmusan
oturub qurulandığın
məhrəbanı yuyuram əllərimdə

Bilirəm qadınlığını
mənimlə görüşəndə hiss etdin
köynəyimi elə düymələmisən ki
qollarım da qalxmır açmağa

o qədər tənhayam ki
sinəm bir qadın başı üçün ağırıyır indi

Biz nə dost olduq
nə də sevgili
təsadüfi görüşlərin xatirəsi qaldı
sənin başında 
mənimsə sinəmdə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31