Dərs oxumayanlar parta oxuyardılar… Təranə Əlizadə yazır

-Tələbəsən? -Neçənci kurssan? -Hara gedirsən? Bir qədər uzaqda dayanmış solğun bənizli də əlindəki vedrəni kənara atıb nə desə yaxşıdı? -Bina təmirdədi… -Həəə, elə onu deyirəm də, xatirələrin harasına yaraşır təmir olunmaq?! Heyif deyildi o tör-töküntü bina?! Ürəyimiz necə istəsə elə də davranırdıq. Hələ buna bax ey, bu seyf qapı kimindi belə? Yüz faiz bizim deyil, deyib iki pillə də yuxarı dırmaşıram: bizimki taxdadan idi, özü də məscid qapısı kimi hamıya açıq idi.  Arada Yasamal məscidi yerinə karıxıb bura gəlməyim də olurdu. Nədənsə, mən həmişə buranın müqəddəsliyinə inanmışam.

-Tələbəsən?

-Neçənci kurssan?

-Hara gedirsən?

Bir qədər uzaqda dayanmış solğun bənizli də əlindəki vedrəni kənara atıb nə desə yaxşıdı?

-Bina təmirdədi...

-Həəə, elə onu deyirəm də, xatirələrin harasına yaraşır təmir olunmaq?! Heyif deyildi o tör-töküntü bina?! Ürəyimiz necə istəsə elə də davranırdıq. Hələ buna bax ey, bu seyf qapı kimindi belə? Yüz faiz bizim deyil, deyib iki pillə də yuxarı dırmaşıram: bizimki taxdadan idi, özü də məscid qapısı kimi hamıya açıq idi.  Arada Yasamal məscidi yerinə karıxıb bura gəlməyim də olurdu. Nədənsə, mən həmişə buranın müqəddəsliyinə inanmışam.

Ayağımın bir tayını qapıdan içəri keçirmişdim ki, imkan vermədilər o biri tayını da arxamca gətirib cütləşdirəm, heç olmaya ayaqlarım qoşalıqda darıxa.

-Heç kəs yoxdu içəridə.

-Kim deyir ki, kimisə axtarıram? Kameraya düşməyə gəlmişəm. Görüm kameraya düşəndə adamın əhvalı necə olur.

-Sabah gələrsən.

-Mən gələrəm, bəlkə sabah gəlmədi?

-Sabah gəlsə də, gəlməsə də, əsas odu təhsil naziri gələcək. Açılışa qədər icazə yoxdu içəri keçməyə. Kamera açılışda olacaq.

-Yaxşı, olarmı heç olmaya hansısa daşın üstündə oturub dincimi alım? Üzünüzdən iraq, adam nə axtardığını bilməyəndə yaman qaranəfəs olur.

-Hansı daşın?

Doğrudan ee, hansı daşın?! Elə bil kimsə əyilib yeri də yerdən götürüb. O yerdə ki, adamın ayağına daş-kəsək ilişməyəcək, daha nə yol oldu?

Universitetimizin həyətində o qədər daş olurdu ki... Ehh, o balaca daşlar. Daşdan başqa tarixə nə qoyub ki mədəniyyət? O daşlar mədəni irs kimi ibtidai insanlar  hesab etdiyimiz lap öncəki kurslardan qalmışdı bizə. Aralarında müəllim dediklərimiz də vardı, üzünü televizorda gördüyümüz, gedib teatrda tamaşasına durduğumuz da.

...Bilənlər bilir, bufetimiz özünü qaldırıb dağın başına qoymuşdu, bəxtəvərə gedib çatmaq olmurdu. İnsafən, heç olmaya yolu ölçüb təyin edəydilər bu tənəffüsü. Bufetə dəyib qayıtmağa da çatmırdı vaxt, nəinki oturub çay içəsən. Nə etməli, demək zarafatlaşmaq həvəsimizi, yemək-içmək təlabatımızı dərs saatında ödəməliydik. Siz sizsinizsə, biz də bizik. Birini göndərirdin ki, get dönər hazırlatdır, denən çay da dəmləsinlər. Qayıdanda görsən Raifə xanım oralardadı, yuxarı çıxa bilmirsən, vızv at. Başa düşdüm, dindirsəm, ağlayacaqsan ki, "tələbə adamam". Yaxşı, heç olmaya aşağıdan bir vızvlıq daş tulla pəncərəyə. Hərəyə bir bəhanə uydurub aradan çıxarıq.

Daş səsi... Burda zəng səsi idi.

Konturumuz olmayanda, kontur idi o daşlar. Bir də görürdün, bu tərəfdə oturan o tərəfdə oturana yaxşı bir daş mesaj tullayır. Bütün daşlar sevgiydi burda. Yay imtahanlarında ərik yeyib həmin daşlarla tumunu sındırırdıq. Hələ o ləpənin üstündə davamız düşəndə, bu başda oturan o başda oturana səs salırdı ki, "mənə bir daş atar yerindən duran, məni sevdiklərim daş qalaq eylər".

...İndi yerdə daş da yoxdu. Qayıdıb necə deyəsən ki, məni təzə daşa kim qonaq eylər? Bizim o daşlardan ucaldıb saray elədiyimiz xatirələrimiz yerlə-yeksan olub. Ağlıma gətirmək istəmirəm ki, kimsə bizim daşları köhnə ayaqqabı kimi bir yerlərə tullaya. Həəə, "bir əlində daş var, birində Quran, daş atan bilirmi nə günah eylər?"

O daşlar mənim oturacağım, yelləncəyim, kreslom idi. Daş atan bilirdimi ki,  yay tətillərində tələbə yoldaşlarımdan çox məhz o daşlar üçün darıxırdım. O qədər darıxırdımsa, dərslər başlayan kimi qaçıb hamını daşlamaq istəyirdim. Burda daş ən gözəl ünsiyyət vasitəsiydi.

... İçimdəki səs qulağıma qədər uzanıb pıçıldayır ki, eybi yox, tanrı tanrıdısa, o xatirələri min bir daş altında yenə sağ eylər. Deyirlər, daş da çiçək açır bəzən. Bizim o daşlar çiçək açmışdısa, nə pis olur daşın çiçək açmağı. Daş daş kimi, çiçək də çiçək kimi maraqlıymış. Xahiş edirəm, ilahi, daşlar bir də çiçək açmasın.

İşdən çıxıb bura gələndə, soruşdular, hara gedirsən? Dedim, bir otaq var, əhvalını soruşub, qayıdacam.

Sevgimizlə pəncərəsini daşladığımız otağı deyirəm.  Dünya o pəncərə boyda idi bizimçün. Pəncərədən həyətə baxarlar, bizsə pəncərədən həyata baxırdıq onda. Hanı, tapırammı ki, halını soruşam o otağın? Qapısı üzümə şillə kimi çırpılan otağı deyirəm. Hələ də üzümdə yeri göynəyir. Birinci partanın üstünə yazmışdım ki, Ədalət müəllim, ad günüm mayın 14-dündədi. Demişdiniz yadıma sal, sənə dəftər alıb verəcəm, ömür billah dəftərin olmadı. Ədalətin masasını axtarırdım ki, görüm yenə də 14 maydadı doğum günüm? Bəlkə yoxam, ölmüşəm heç. Hansısa bekarın, avaranın biri məni yamsılayır burda.

Ədalət hər şeyi yerinə qoymaq, zülm isə bir şeyi yerinə yox, başqa yerə qoymaqdı- deyir Mevlana. Kimsə zülm eləyib bizə. Elə bil kimsə mənim o doğma binamı yerindən götürüb yer üzündən tərsinə asıb. Otaqları da yerindən götürüb, hardan götürdüyünü unudub və başqa yerlərə qoyub. İçimdə bir azmışlıq hissi var idi. Gücüm ona çatdı ki, bir xeyli pəncərədən bayıra baxdım. Məsələn, burda kamera olsaydı, yaman şairanə düşərdim.

Araya salıb bircə onu düşünə bildim ki, indi kim gəlib bu təmirli divara nəsə yazacaq?! Bilirəm, hələ heç kəs ürəyini küçədən tapmayıb. Ehh, o köhnə partlar. Partlar bizim bir-birimizə ismarışımız, imtahan "konspekt"imiz, "Ay filankəs, bufetdə çaylayırıq, kontur yoxdu sənə zəng vurmağa, gəl bufetə"miz, idi. Eşqlər whatsappla, instagramla yox, divar ədəbiyyatıyla başlayırdı onda. Dəlinin biri ağıllının birinə yazırdı ki, dəsmalın məndədi, gəl dalımca...

Adamın canını boğazına yığan dərslər vardı haaa -iki qırx beş dəqiqə dözməli dərslər. Həmin dərslərdə parta oxuyurdum. Dörd ildən sonra elə bilmişdim ki, həmin partalardan məzun oldum, bax, əlimdə tutduğum diplomu da mənə məhz o partaları oxuyub bitirdiyim üçün veriblər. Dərs oxumaqdan çətin idi hərəsi bir əhvaldakı sətirləri, cızma-qaraları oxumaq. Qızın biri imtahan vaxtından əvvəl gəlib partanın üstünə yadında saxlaya bilmədiyi biletlərin cavabını muncuq kimi düzmüşdü. "Səndə də həvəs var ee" dediyimlə dekanın içəri girib imtahanınız burda yox, filan otaqda keçiriləcək deməyi bir oldu. Yazdığını kor-peşman qaralamağa, silməyə başladı. Əlindən yapışdım. Silmə, sən Allah, vaxt gələr gəlib burda kimsəni tapmayanda, o sətirləri taparsan- demişdim. Həm də, səndən sonra kimsə o sətirləri oxuyacaq, mütləq oxuyacaq. Dərs oxumayanlar parta oxuyur həmişə...

Harda olmasaq da, o sətirlərdə var idik. İndi bizim o sətirlərin "ya alınında, ya döşündə... bir ox yeri var, yeri var..."

Ehhh... amansız bir silgi o qədər əməyi görməzdən gəlib. Bir Fələstin, Suriya ağrısı var idi içimdə, bütün xatirələrimi bombalamışdılar. İçimə adam dolusu otaq dağılmışdı elə bil. Şair elə düz deyir ki, dərd bizə gələndə arvad-uşaqnan gəlir. İstəyirdim xatirələrimdən kamança düzəldəm, szıldasın özüyçün. Sonra da üzünə durum ki, "mən zalım adamam, kamança", get başımdan.

Fürsət qovlayırdım ki, darıxmağımın əlindən sivişib aradan çıxım.

Bayıra qaçdım. Eyni yol, eyni keçid. Istədim yolu tutub yanaqlarından çimdikləyəm ki, xoş gördük səni. Nə əcəb sən də renoplastikadan çıxmamısan? Burnun, gözün, qaşın özününküdü....

Əzəldən mənə elə gəlib ki, Bakı şəhəri, İnşaatçılar prospekti 39-da doğulmuşam. Burda məni hamı tanıyır. Qapıda siqaret satan bir əllilik Elman dayıdan tutmuş Koroğlu "dəlisi" kimi nərə çəksə 20 ballıq zəlzələ baş verəcək o kserkopyaçı dayıya qədər.

-Deyirəm, bu pişiyin yeməyi də var ki...

-Bəs necə, hər gün qazancımdan ona pul ayırıram, yemək alıram. Bu məhəllədəki pişikləri mən saxlayıram.

-Onda şəxsiyyət vəsiqəmdən 20 kopya elə zəhmət olmasa. Nə edək, mənim də əlimdən şəxsiyyət vəsiqəmin üzünü çoxaltmaq gəlir. Eybi yox, alındıra bilsəm, təqdimat edib, dost-tanışa paylayaram.

Şəxsiyyət vəsiqəmin kopyaları əlimdə isti çörək kimi buğlanırdı. İstisinə qızına-qızına yenidən binaya qayıdıb qarşısında dayanıram. Görüm necə olur kameraya düşmək. 2012-ci ildə Ədalət müəllim işdən çıxarılanda etiraz etmişdik. Etirazımıza cavab olaraq bildirmişdilər ki, bəs müəlliminiz universitetin qarşısında kameraya düşüb, ehtimal ki içkili olub. Bizsə etiraz etdik ki, müəllimimiz içkili yox, ola bilsin yenə dərdli olub.

Günümü əbədiləşdirmək istəyiylə binanın qarşısında dayanıb bir xeyli əl elədim, bir xeyli də təbəssüm. Hər kameranın "bir dön bəri bax yeri var". Arada da üzümü kənara çevirdim ki, xəbərim yoxmuş kimi çək.

Təranə Əlizadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31