20 MİN QADINDAN BİRİ... Türkan Zamanova yazır

Uzun zaman öncəydi Bu güllər qan qırmızısına boyanarkən bölündük Qan və göz yaşları hələ də axır ölən qəlblərə üstümüzdəki bu cənnət Qaranlıq bir pərdə kimi Cənnətin 7 qatı birdən Ürəyimizdə yanır Göz yaşlarımız çeşmələri doldurur Cənnət gözüylə çöllər də çiçəklənə bilir ("Grbavica: Əsmanın sirri" filmdən ağıt)

 

Uzun zaman öncəydi

Bu güllər qan qırmızısına boyanarkən bölündük

Qan və göz yaşları hələ də axır ölən qəlblərə

üstümüzdəki bu cənnət

Qaranlıq bir pərdə kimi

Cənnətin 7 qatı birdən

Ürəyimizdə yanır

Göz yaşlarımız çeşmələri doldurur

Cənnət gözüylə çöllər də çiçəklənə bilir

("Grbavica: Əsmanın sirri" filmdən ağıt)

Deyirlər həyat ağrılarıyla, acılarıyla yaşamağa dəyər. Şair Bəxtiyar Vahabzadə də "Həyat sən nə şirinsən" adlı şeirində bunu yaxşı ifadə edib: "Həyat sevincin qədər əzabın da şirindir,

Səni mənalandıran o keçməkeçlərindir".

Ancaq insanın elə vəhşilikləri var ki, nəinki bir fərdin həyatına, böyük bir xalqın tarixində silinməz, sağalmaz yaralar açır. İllər keçsə də hətta zamanın o məşum çövhəri də aciz qalır bu faciənin qarşısında. Jasmila Zbanic çəkdiyi "Grbavica: Əsmanın sirri" filmində bunu ustalıqla göstərib.

Filmdə hadisələr 1992-1995-ci illər Bosna savaşından 12-14 il sonrasında Saraybosnada baş verir. İlk dəqiqələrdə ana və yeniyetmə qızının adi gündəlik həyatı görünsə də dəqiqələr ötdükcə onların yaşamının çətin və ziddiyyətli tərəfləri ortaya çıxır. 12 yaşlı Sara məktəbdə oxuyur. Əsma isə gecə klubunda afisant işləyir. Sara məktəbin təşkil etdiyi gəzintiyə qatılmaq istəyir. Şəhid uşaqları ödənişdən məhrumdurlar, yalnız bunu təstiq edən sənədi təqdim etmək lazımdır. Əsma əvvəl günlər sənədi axtarıb tapacağına söz verir. Sənəd isə yoxdu. Çünki o təcavüzə uğrayandan sonra məcburən qızını dünyaya gətirib və onu atasının şəhid olduğu yalanıyla böyüdüb.

Əsma illər öncə yaşadığı faciəvi hadisədən sonra psixoloji travmalar alıb. Gecə klubunda gördüyü bəzi məqamlar ona həyatının kabusunu yada salır, təkliyə çəkilib ağlayır bəzən. Buna baxmayaraq, Əsma işləməyə davam edir. Ancaq klubunun sahibinin ona verdiyi kuponu itirir. Sonra geri qaytarmaq məqamı gəldikdə kobudluqla qarşılaşır. Bu filmin əsas dramatik düyünlərindən biri hesab olunur. Pula çox ehtiyacı olduğu bir zamanda Əsmanın məsuliyyətsizlik etməsi zənnimcə inandırıcı sayılmayan məqamlardandı.

Sara asi, davakar, kobud xarakterli yeniyetmədir. Buna anası Əsmanın onunla bəzən sərt, tərəddüdlü rəftarı da az rol oynamır.

Ana və qızının münasibətləri atasının şəhid olmasına dair sənədin tapılmamasına görə daha da gərginləşir, Saranın anasına silah çəkəcək qədər...

Filmin əsas obrazı olan Əsma sənədli filmdə baxdığı, tanımadığı Brazilyalıya görə ürəyi ağrayacaq qədər saf və mərhəmətli xarakterdi. O, savaşda dul qadınların qatıldığı reabilitasiya dərnəyinə gedir. Qadınlar burda həm pul şəklində yardım alırlar, həm də öz ağrılarını, dərdlərini, kabuslarını danışır, ağlayır, bədbəxtliklərindən yaxa qurtarmağa çalışırlar, sanki. Təkcə Əsma danışmır, dinləyir. Dərnək başkanı Əsmaya deyir ki, "Əsma, bura tez-tez gəlməlisən, təkcə yardım alanda deyil", Əsma isə cavabında öz mənəvi durumunu açıqca dilə gətirir: "Niyə? Mənsiz də burda yetərincə dəli var".

Zbanic həmçinin ölkənin siyasi, iqtisadi və sosial durumu haqqında ustalıqla kiçik detallarla böyük məlumatlar verə bilir izləyiciyə. Pelda və dostunun dioloqlarında, Peldanın nənəsi ilə ərzaq yardımı haqqında söhbəti ilə, Əsmanın təsadüfən rastlaşdığı qohumuyla söhbətində müharibədən 10 ildən çox vaxt keçməsinə baxmayaraq ölkədə ciddi problemlər yaşandığını ortaya çıxarır. Filmdə adam ölümü sifarişi kimi məqamın olması eyni zamanda mənəvi sorunların, özbaşınalığın adi hal olduğunu göstərir. Rejissor anlatdığı hekayətində dramatikliyi artırmaq üçün heç bir fürsəti əldən vermir. Adam ölümünü qarlı havada məhz məscidin fonunda çəkir. Bu da təzada, dramatikliyə öz gücünü qatır. Ümumiyyətlə filmin pessimist ab-havası var. Zənnimcə çıxış yolu kimi mübarizə aparmağı deyil, ölkəni tərk etməyi seçən Pelda sürətinin timsalında rejissor bir daha bunu sübut edir.

Gənc rejissorun ilk tammetrajlı filmi olmasına baxmayaraq hər cəhətdən minimalist kinonun ən yaxşı nümunəsi sayıla bilər. Elə ona görə də bir çox festivallarda həmçinin 2006-cı ildə 56-cı Berlin film festivalında Qızıl Ayı mükafatına sahib olub. Maraqlı cəhətlərdən biri də odur ki, baş rolun qəhrəmanı Mirjana Karanoviç əslən serb əsillidi. O, elə ustalıqla rolunun öhtəsindən gəlib ki, Avropa film festivalında ən yaxşı aktrisa nominasiyasında mükafata layiq görülüb.

Filmin son dəqiqələrində Əsma göz yaşlarıyla öz sirrin, ağrısın dilə gətirir reabilitasiya dərnəyində. İlk dəfə qızını görəndə keçirdiyi hislərini danışır. Sanki dünyaya yenidən gəlmiş kimi təmizlənmək istəyir dərdindən, unutmaq istəyir... Unutmaq inkar hissəciyi qəbul etməyən yeganə feldi məncə. İstər Jasmila Zbanicin çəkdiyi bu dəyərli film, istər Bosna savaşından bəhs edən digər filmlər, ağıtlar, məqalələr, şeirlər, romanlar heç nə, heç nə 20 mindən çox təcavüzə uğramış qadının dərdini, ağrısını tamlıqla ifadə edə bilməz...

Türkan Zamanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31