"Vətən dərsi” layihəsi çərçivəsində "Ağ qayıq" tamaşası

Bilik Fondunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi E.Abdullayevanın ssenari müəllifi olduğu "Ağ qayıq" tamaşasını təqdim edib. Tamaşa Bilik Fondu ilə Şuşa Musiqili Dram Teatrının birgə həyata keçirdiyi "Vətən dərsi" layihəsi çərçivəsində göstərilib. Fonddan "Olaylay" - a bildirilib ki, tamaşada Qarabağ müharibəsinin bəlalarından, müharibənin insanlara vurduğu mənəvi zərbələrdən bəhs edilir və məktəblilərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir.

Təqdimatdan əvvəl "Ağ qayıq" pyesinin müəllifi Elnurə Abdullayeva tədbiri açaraq, Bilik Fonduna, Şuşa Musiqili Dram Teatrına göstərdiyi dəstəyə və "Vətən dərsi" layihəsinin həyata keçirilməsinə görə təşəkkürünü bildirib. Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Bilik Fondunun maarifçilik missiyasından, yeniyetmə və gənclərə vətənpərvərlik aşılayan tədbirlərin keçirilməsinin vacibliyindən söhbət açıb. Məktəblilərin ifasında Şuşa haqqında şeirlər səsləndirildikdən sonra "Ağ qayıq" tamaşası nümayiş olundu.

Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31