Zeynal Əmrəliyev: “İrəvanın yeni yanaşması sülh prosesinə ziddir” – ÖZƏL
13:28 Siyasət"Ermənistan rəsmilərinin verdikləri açıqlamalar əvvəlki öhdəliklərlə ziddiyyət təşkil etməyə başlayıb. Bu yaxınlarda Baş nazir Nikol Paşinyan sülh müqaviləsinin 2031-ci ildə imzalana biləcəyinə dair eyham vurmuşdu. İndi isə Ararat Mirzoyanın TRIPP marşrutu ilə yalnız dəmir yolu xəttinin keçə biləcəyini bildirməsi diqqət çəkir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bu, qəbulolunmaz bir yanaşmadır. TRIPP marşrutu çərçivəsində geniş şəkildə həm dəmir yolunun, həm avtomobil yolunun, ümumilikdə isə böyük bir nəqliyyat sisteminin fəaliyyət göstərməsi nəzərdə tutulurdu. Əgər Ermənistan tərəfi yalnız dəmir yolunun çəkilməsini istəyirsə, bu, əlbəttə ki, qəbul edilə bilən məsələ deyil. Düşünürəm ki, Ermənistan tərəfi indiyədək öz ərazisindən keçən yolda işləri həyata keçirərək həmin nəqliyyat dəhlizinin formalaşdırılmasını təmin etməli idi. İlk növbədə, bu məsələni mümkün qədər uzatdılar. Hər halda, bəhanə olaraq Ermənistanda parlament seçkilərinin keçiriləcəyini və seçkilərin böyük əhəmiyyət daşıdığını göstərirdilər. Seçkilər də başa çatdı və Paşinyan hökuməti yeni hökuməti formalaşdırmaq imkanı əldə etdi. Yeni hökumət quruldu. Ancaq gördük ki, Ermənistanda yenə də proseslərin ləngiməsində maraqlı olan qüvvələr var. Bu, heç də xoşagələn hal deyil. Əksinə, Ermənistanın özünə ziyandır. Fikrimcə, regionda qalıcı sülhün əldə olunmaması Ermənistanın özündə ciddi problemlər yarada bilər. Bu, Ermənistanın bir çox layihələrdən kənarda qalmasına səbəb ola bilər. Buna görə də rəsmi İrəvan bu məsələlərdə düzgün mövqe sərgiləməli, normal nəqliyyat dəhlizinin yaradılması və tezliklə qalıcı sülhün əldə olunması, sülh müqaviləsinin imzalanması üçün real addımlar atmalıdır.
Səidə Ramazanova