Azərbaycan Milli Peşəkar Teatrın 144 yaşı Gənc Tamaşaçılar Teatrında qeyd olundu
11 Mart 2017 09:29 MədəniyyətDövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçirilib. Teatrdan "Oayar" - a bildirilib ki, tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı Elşən Sərxanoğlunun teatr tamaşalarına çəkdiyi eskizlərdən ibarət "Pərdənin o üzü" adlı fərdi yaradıcılıq sərgisi nümayiş etdirilib. Teatrın foyesində sərgilənən "Pərdənin o üzü"ndə teatrın cari repertuarında olan tamaşaların eskizləri göstərilib.
Sərgini giriş sözü ilə açan teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov tədbir iştirakçılarını Azərbaycan Milli Peşəkar Teatr günü münasibətilə təbrik edərək teatr günü və sərginin məqsədi haqqında ətraflı məlumat verib. Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, fərdi yaradıcılıq sərgisinin səbəbkarı, teatrın quruluşçu rəssamı Elşən Sərxanoğlu, Sənətşünaslıq üzrə fəlsəfə doktorları Ziyadxan Əliyev və Əli Əmirli çıxış edərək Azərbaycan Teatr məkanında Dövlət Gənc Tamaşaçılar Teatrının yeri, səhnələşdirilən tamaşalar və sərgi haqqında fikirlərini bildiriblər.
Sərgidən sonra səhnədə Dövlət Gənc Tamaşaçılar Teatrının uşaq və yeniyetmələrlə iş üzrə pedaqoqu, Əməkdar Artist Ötkəm İskəndərov Milli Teatr Günü haqqında çıxış edib.
Çıxışlardan sonra ölməz dramaturq Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-Vəziri Xani -Lənkəran" komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.
Quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı Xalq Artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.