Mingəçevirdə növbəti qala

Paytaxt kinosevərlərinin ötən ay izləyib tanış olduqları "Ər quyusu" filmi bu dəfə mingəçevirli pərəstişkarların görüşdü. Yazıçı Səidə Haqverdiyevanın "Qara qızın qara bəxti" hekayəsinin motivləri əsasında ekranlaşdırdığı "Ər quyusu" adlı ilk ekran işini bu fədə Mingəçevir Dövlət Dram Teatrının kino zalına toplaşan filmsevərlər izləmək şansı qazandılar. 8 Mart - Beynəlxalq Qadınlar Gününə təsadüf edən qala gecəsində tamaşaçı qismində də elə əsas etibarilə Mingəçevir xanımları iştirak edirdilər. Qala gecəsində tamaşaçılarla filmin ssenari müəllifi və rejissoru Səidə Haqverdiyeva, ekran işinin baş rol ifaçıları Ülviyyə Əliyeva, Rəsmiyyə Nurməmmədova, Cavid Telman, Könül Şahbazova və digərləri görüşdülər.

Mingəçevirli kinosevərlər qarşısında çıxış edən sevilən aktrisa Ülviyyə Əliyeva film barədə məlumat verdi və hər kəsi martın 19-də hər gün iki seans olmaqla nümayiş etdiriləcək məşiət mövzulu tragikomik filmə baxmağa dəvət etdi. Pərəstişkarlar üçün təşkil olunan imza mərasimindən sonra filmə baxış keçirildi. Anşlaqla keçən qalanın tamaşaçıları sonda sevimli kino qəhrəmanları ilə şəkil çəkdirib ünsiyyət qurmaq imkanı da qazandılar.

Qeyd edək ki, bu film ssenarist-rejissorun ilk ekran işidir və özündə 90-cı illərin nostalji yaşam tərzini əks etdirir. Əsas etibarilə qızların ərə getməməsi məsələsini sarkazmla ekrana köçürən rejissor beləcə qəhrəmana çevirdiyi 6 qızı olan ailənin əslində dramatik durumunu ustalıqla əks etdirməyə nail olub. Tammetrajlı bədii filmin quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimlidir. Filmdə əsas rolları Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Cavid Telman, Könül Şahbazova, Zemfira Əbdülsəmədova və digərləri oynayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31