Tələbə filmlərinə baxmaq istəyənlər Nizami Kino Mərkəzinə buyursun
29 Noyabr 2012 11:46 MədəniyyətBakıda Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə VIII "START" Gənclərin Beynəlxalq Film Festivalının rəsmi açılışı olub.
Gənclər və idman nazirin müavini İntiqam Babayev Gənclər və İdman Nazirliyinin də festivalın təşkilatçılarından biri olduğunu bildirib: "Festival ilk vaxtlar başlayanda bir iki xarici ölkə ilə start götürdü. Amma ilbəil əhatə dairəsini genişləndirən festivalda bu artıq 20-dən çox ölkə iştirak edir". "START" tələbə filmləri festivalının direktoru Fehruz Şamıyev isə bildirib ki, müsabiqəyə təqdim olunan yerli və əcnəbi ekran əsərləri Avropanın tanınmış festivallarında mükafat alan kinematoqrafçılar və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalda iki- "Yerli" və "Beynəlxalq" müsabiqə proqramı olduğundan jüri üzvləri də bu proqrama əsasən seçilib. "Yerli" müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti: kinorejissor Elxan Cəfərov, İlqar Safat və "New Baku Post" qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndiriləcək. Qeyd edək ki, "START"-a bu il Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukrayna, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorusiya, ümumilikdə isə 20 ölkədən 250-dən çox film çəkilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən 87 film daxil edib. 30 noyabr tarixinə qədər davam edəcək festivalda filmlərin nümayişi saat 11: 00 - dan başlayaraq Nizami Kino Mərkəzində olacaq. ("OLAYLAR"İA)