Xalq artisti "Vida"laşır

Faiq Ağayevin solo konsertinin tarixi bəlli oldu

Azərbaycanın xalq artisti Faiq Ağayevin "Vida" adlandırdığı solo konsertinin tarixləri dəqiqləşdi. ANS PRESS-in məlumatına görə, tanınmış estrada ulduzunun 25 illik səhnə fəaliyyətinə nöqtə qoyacaq konsertlər 27, 28, 29, 30 dekabra müəyyənləşib. Konsert 4 hissədən ibarət olacaq. Konsertdə 24 mahnı, 3 meqamiks olmaqla 27 musiqi nömrəsi səslənəcək. Xalq artisti konsertdə yeni klipi təqdim edəcək.
Konsertin musiqi rəhbəri Rüstəm Zeynallı, bədii rəhbəri Yaşar Baxışdır. Xalq artisti xüsusi olaraq konsert üçün Azərbaycanın sayılıb-seçilən rəqqaslarından ibarət rəqs qrupu toplayıb.
Tamaşaçılar səhnədə Faiq Ağayevin estradada ilk addımlarından bu günə qədər olan xalq artistini görəcəklər. Yəni konsert xalq artistinin yaradıcılığının bütün dövrlərini əhatə edəcək.
Bek-vokallar, rəqqaslar, musiqiçilər və Faiq Ağayev üçün modelyer Rinat Ramazanov tərəfindən xüsusi geyim kolleksiyası hazırlanıb. Konsertin səhnə dekorasiyası fərqli və möhtəşəm olacaq. 56 nəfər işçi qrupunun üzərində işlədiyi konsertlərin ümumi büdcəsinin 250 min manat civarında olduğu deyilir.
Onu da qeyd edək ki, xalq artisti yaxın günlərdə bununla bağlı jurnalistlərlə görüş keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31