Əməkdar artist dözmədi: "Utandığımdan az qalıb ki, sənəti atım..."
Aybəniz Haşımova həyacan təbili çaldı
23 Noyabr 2012 20:57 Mədəniyyət"Əqidəsinə sahib çıxa bilməyən, Bakı küləyi kimi gündə bir yana əsən, "ucalmaq" xatirinə müxtəlif alçaqlıqlara imza atan, var- dövlət xatirinə ən doğma saydıqlarını belə ayaq altına atan namussuzlardan uzaq olun, ey mənim gənc dostlarım. Belə şərəfsizlərin dostu olmaqdansa tək qalmaq min dəfə ləyaqətlidir!" Bu sözlər Azərbaycanın əməkdar artisti, sənətkar-pedaqoq Aybəniz Haşımovaya məxsusdur.
İfaçılıqla yanaşı eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olan Aybəniz xanımın "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazdığı bu fikirlərə etinasız qala bilmədik. Əməkdar artistə telefon açıb, "Yenə nə baş verib, Aybəniz xanım?" deyə soruşduq. Mahnılarındakı məlahətli səsi ilə qulaqlarımızı, qəlblərimizi feyziyab edən müğənni yorğun, kefsiz səslə bizə cavab verdi:
"Daha nə olmalıdır ki? İnternetdən oxuduqlarım müğənnilər arasında qalmaqallarla bağlı xəbərlər mənə çox pis təsir edir. Bütün canım ağrayır. Düz 3 gündür təzyiqim düşmür. Son günlərdə baş verən qalmaqallar utandığımdan az qalıb ki, sənəti atım. Gün ərzində müxtəlif tədbirlərdə məni görən ziyalılarımız, nüfuzlu insanlar, mədəniyyəttimizdə baş verən bu eybəcərliklərlə baqlı mənə narahatlıqlarını bildirirlər. Bilmirəm onlara nə cavab verim? Ayıbdır, vallah ayıbdır. Həm onların yerinə, həm də öz yerimə utanıram. Bəsdirin! Bu nə deməkdir? Bizə Xan Şuşinskidən, Şövkət Ələkbərovadan, Rəşid Behdudovdan əmanət qalan sənəti niyə niyə belə alçaldırsız? Niyə bizi hörmətdən salırsız? Axı sizə kim bu haqqı verib? Xoşunuza gəlmir, gedin başqa sənətin qulpundan yapışın. Mən atasız-anasız, bir qarnı ac, bir qarnı tox Bakının düzlərində bu sənətə yiyələnmişəm. Saatlarla royalın arxasında oturub məşq etmişəm ki, bir mahnını düzgün, səviyyəli şəkildə təqdim edim. Yaşıdlarım kefi istədiyini etdiyi halda, mən vaxtımı musiqinin, sənətin incəliklərini öyrənməyə sərf etmişəm. Mənim sevgiylə, eyni zamanda da əzab-əziyyətlə gəlib çıxdığım sənətimi niyə xalqımın gözündən salırsız? Niyə?"
Əməkdar artist danışdıqca daha da qəzəblənirdi: "Peşman olublarsa getsinlər, amma sənəti bu günə qoymağa haqları yoxdur. Başa düşə bilmirəm ki, bunlar sənətə gələndə nə düşünürlər? Populyarlıq xatirinə hər yola əl atırlar. Başları dava-qırğına elə qarışır ki, yadlarına düşəndə arada-bir mahnı da oxuyurlar. Bunlar bir-birinin üzünə baxanda utanmırlar, xəcalət çəkmirlər?"
Aybəniz Haşımova tələbələrinin mədəniyyət sahəsində, daha doğrusu şou-biznes baş verənlərin gənc nəsilə pis təsir etdiyini, onların vahiməyə düşdüyünü bildirdi: "Tələbələrim çaş-baş qalıblar. Uşaqlar, "Aybəniz xanım, bəlkə bu sənətdən gedək?", - deyə soruşurlar.
Sənətimizi belə hörmətdən salmağa axı nə haqları var? Mən hesab edirəm ki, Azərbaycanın mədəniyyətinin inkisafını arzulayan, buna calısan insanlar bas verən bu hadisələrə laqeyd qalmamalıdırlar. Hamımız bir araya gəlib sənətimizi düşdüyü aqır durumdan çıxarmağa çalışmalıyıq."
Qeyd edək ki, son vaxtlar bəzi şou-biznes nümayəndələrinin düşmənçilik münasibətləri, bu ədavətin kriminallaşması və ictimailəşməsi bir çox sənət nümayəndəsini narahat edir.