İlham Namiq Kamal: “Onun tamaşaçısı idim”
23 Noyabr 2012 18:48 MədəniyyətXalq artisti, professor İlham Namiq Kamal Xalq artisti, mərhum sənətkar Yaşar Nuri haqqında xatirələrini "Azadinform"la bölüşüb: "Yaşar səviyyəli böyük sənətkarları itirə-itirə gedirik. Üzdə olan sənətkarlar bir-birinin ardınca səhnəmizi tərk edir. Yaşarı itirmək Azərbaycanda böyük bir nəslin üzdə olan nümayəndələrindən birini itirməkdir. Yaşar mənim üçün dost və qardaş kimi hər zaman olub və belə də qalacaq. Onun ölümünə də inanmıram. 3 gün əvvəl danışdıq, dedim ki, Musiqili Komediya Teatrında "Əliqulu evlənir" tamaşasını hazırlayacağam. Ona Xəlil obrazını təklif etdim, böyük məmnuniyyətlə razılaşdı. Yaşarın ürəyində teatra o qədər məhəbbət vardı ki, xəstə-xəstə səhnəyə çıxmağa belə razı idi. Belə insanlar nadirdir". İlham Namiq Kamal qeyd edib ki, hər dəfə onun yanında həyat yoldaşı Rəhimə xanımı görəndə ürəyində təskinlik tapıb: "Rəhimə xanım onun həyat yoldaşı yox, cəbhə yoldaşı idi. Belə qadınlar sənət adamlarını yaşatmaq üçün doğulublar". Xalq artisti bildirib ki, Yaşar Nuri səhnəyə Azərbaycan komediyasının təbii rüşeymlərini, meydan teatrının prinsiplərini gətirib. Onun sözlərinə görə, səmimi və təbii sənətkarlar çox azdır. Qalanlar da yavaş-yavaş azalır. "Əliabbas Qədirov, Telman Adıgözəlov itkisindən sonra Yaşar bizə daha bir acını yaşatdı. Çox heyf ki, istedadlılar tez gedir. Mən Yaşarı ona görə dəyərləndirirdim ki, sənət öz yerində, o insan paxıllıq və yalançılıqdan uzaq idi, istedadlı insanlar üçün ürəyi gedirdi, istedadsız insanları sevmirdi. Bu xüsusiyyət hər bir sənətkarda olmur. Onun həm tərəf-müqabili, həm tamaşaçısı olmuşam. Oynadığı bütün tamaşalara baxırdım. Onu tamaşaçılara sevdirən təbiilik idi. O, xalqın içərisindən çıxan sadə və kamil bir insan idi. Tamaşaçı da sadəlik və kamillik arxasınca gedir, ona oxşamaq istəyir. Hətta o, mənfi obrazlar ifa etsə də, tamaşaçı ona heyran qalırdı".