Dünya şöhrətli yazıçı və şairlərin ev-muzeylərində Azərbaycan guşəsi yaradılacaq

Dünya Azərbaycanlı Gənclər Birliyi (DAGB) növbəti layihənin icrasına başlayıb. DAGB-dən "Azadinform"a verilən məlumata görə, layihənin məqsədi dünya şöhrətli yazıçı və şairlərin ev-muzeylərində Azərbaycan guşəsi yaratmaqdır. Layihə çərçivəsində müəyyən olunmuş yazıçıların ev-muzeyləri, fondları ilə əlaqə yaradılacaq. Dilimizə tərcümə olunmuş və nəşr edilmiş əsərlər həmin yazıçı və şairlərin ev-muzeylərinə göndəriləcək. Bunun nəticəsində də Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, münasibətini göstərmək mümkün olacaq.
Qeyd edək ki, siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Aleksandr Düma, Gi de Mopassan, İohan Höte, Fyodr Dostoyevski, Lev Tolstoy və digər dahi yazıçı və şairlər daxildir.
Layihə davamlı və genişmiqyaslı xarakter daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31