Yaşar Nurinin ölümü ilə bağlı rəsmi nekroloq yayılıb
22 Noyabr 2012 20:03 MədəniyyətPrezident İlham Əliyev, digər dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri xalq artisti Yaşar Nurinin vəfatı ilə bağlı nekroloq veriblər.Nekroloqda deyilir ki, Yaşar Nurinin yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur: "Hələ erkən yaşlarından aktyorluq sənətinin vurğunu olan sənətkar teatr və kino aləminə qədəm qoyduğu ilk vaxtlardan tanınıb sevilib, təkrarolunmaz ifa üslubu ilə qısa müddət ərzində tamaşaçıların qəlbinə yol tapıb. Əlliyə yaxın bədii filmdə, yüzdən çox tamaşa, bədii kompozisiya və satirik səhnəcikdə onun böyük ustalıqla canlandırdığı obrazlar öz incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Son dərəcə təbii və müasir ruhlu rollarda komik məqamları məharətlə üzə çıxarması sayəsində o, gülüşün böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu bir daha sübuta yetirib, milli teatrın bu istiqamətdə ənənələrini daha da zənginləşdirib.Azərbaycan teatr məktəbinin formalaşdırdığı parlaq irsə həmişə sadiq qalan Yaşar Nuriyev səhnədə hər dəfə yenidən yaşaya-yaşaya, bütün daxili potensialını səfərbər edərək koloritli və bir-birindən maraqlı obrazlar yaradıb. Sənətkarın klassik və müasir Azərbaycan ədəbiyyatına, milli və dünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi qəhrəmanlar özlərinə xas davranış tərzləri, şux danışıqları ilə yaddaşlara həkk olunub.Yaşar Nuriyevin kinematoqrafiyanın imkanlarından istifadə etməklə ekranda canlandırdığı dolğun və rəngarəng surətlər Azərbaycan kinosunun unudulmaz səhifələrindəndir. Təbiiliyi və inandırıcılığı ilə seçilən bu kinofilm qəhrəmanları aktyorun sənətin incəliklərinə necə dərindən bələd olduğunu nümayiş etdirib.Televiziya tamaşalarında sənətkarın baş rolların ifaçısı kimi yaratdığı personajlar milli televiziyanın fondunda sənət nümunələri olaraq qorunub saxlanmaqdadır.Yaşar Nuriyevin Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, bir sıra mükafatlara və respublikamızın xalq artisti fəxri adına layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilib.Tanınmış gülüş ustası, qayğıkeş və səmimi insan Yaşar Məmmədsadıq oğlu Nuriyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!