Firəngiz Mütəllimova: “Onunla səhnədə son – “Vida” tamaşamı oynadım”

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova dostu və sənət yoldaşı Yaşar Nuri haqqında fikirlərini "Azadinform"la bölüşüb: "İki gün əvvəl danışdıq. Nitqi də düzəlmişdi, yaxşı danışırdı. Dedi ki, teatra gələcək. söhbət edəndə ancaq teatrdan sual verirdi:  hansı tamaşalar gedir, rolları kimlər ifa edir? Bu gün səhər Rəhimə xanım Yaşarın telefonundan zəng edəndə elə bildim yenə ürəyi darıxır, mənimlə söhbət etmək istəyir. Amma Yaşarın artıq rəhmətə getdiyini deyəndə şok oldum. Bir anlığa onunla tanış olduğum gün, bütün tamaşalarımız, qastrol səfərlərimiz gözümün qarşısından kino lenti kimi gəlib keçdi. Yaşar-Firəngiz tandemi heç vaxt unudulmayacaq. Bu gün mənim telefonum zənglərdən susmayıb. Bu da xalqın ona olan məhəbbətindən irəli gəlir. O mənim tək səhnədə yox, həyatda dayağım idi. Bütün dərdlərimi ona deyirdim. Bu həyatda mənə o qədər köməkliklər edib ki. 34 illik səhnə yoldaşım, sirr yerim idi. Mənim üçün ağır itkidir. O, əvəzedilməzdir. Hər tamaşada onun yeri  görünəcək. Onun rollarını necə ürəkdən oynamasının şahidi olmuşam".
Firəngiz Mütəllimova Yaşar Nurinin pyeslər oxuduğunu, yeni rollar arzuladığını deyib: "İkimiz üçün də pyes tapdığını demişdi. Tək ikimizin yenidən səhnəyə çıxmasını istəyirdi. Amma bu gün onunla səhnədə son - "Vida" tamaşamı oynadım". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31