İbrahim Tatlısəs bu gündən Bakıda müalicəyə başlayır (FOTO)

Tatlısəs Bakıya Aygün Kazımova ilə eyni təyyarədə gəlib

Azərbaycanlı ekstrasens, kosmoenergetik Nuridə Küskünün yanına müalicəyə gələn məşhur türk müğənnisi İbrahim Tatlısəsin müalicəsi bu gündən başlayır. ANS PRESS-in məlumatına görə, dünən Bakıya təyyarə ilə gələn sənətkar, bir müddət Nuridə Küskünün ofisində qaldıqdan sonra otelə yerləşib. Nuridə Küskün bu gündən müğənninin müalicəsinə başlayacaq. Müalicə kursu 5 gün davam edəcək.Bu arada İbrahim Tatlısəsin Bakıda olduğunu təsdiqləyən ilk fotosu yayılıb. Müğənninin gəlişi mediadan gizli saxlanılsa da, "İmperatoru" hava limanında qarşılamağa gedən ATV Maqazin proqramının müxbiri Vüqar Kamiloğlu onun fotosunu öz facebook səhifəsində paylaşıb.Daha bir maraqlı fakt bundan ibarətdir ki, İbrahim Tatlısəs Bakıya xalq artisti Aygün Kazımova ilə eyni təyyarədə gəlib.Qeyd edək ki, Nuridə Küskün bu gün Lent.az-a açıqlamasında bildirib ki, o, türkiyəli müğənnini müalicə edəcək: "Bu yaxınlarda İstanbuldan çəkiliş üçün gəlmişdilər. Onlar da bunu məndən soruşdular. Bildirdim ki, mən bu işi təmənnasız həyata keçirəcəyəm. Onlara bildirdim ki, İbrahim Tatlısəs həm Türkiyənin, həm də bizim əzizimizdir. Birinci Tanrı kömək edəcək, sonra isə biz. Mən İbrahim Tatlısəsə sözümü demişəm. Mən hörmət, para, savabın kimdən gəldiyini bölüşdürməyi bacarıram. Tanrı qarşısında söz verdim ki, ona kömək edəcəyəm. Mənə gələn səslər heç vaxt məni aldatmayıb".Xatırladaq ki, ötən ilin əvvəllərində İbrahim Tatlısəsə qarşı sui-qəsd törədilmişdi. Başından ağır güllə yarası alan müğənni uzun müddət müalicə olunaraq, yenidən sağlamlığına qovuşsa da, hələ də müəyyən problemlər yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31