“Mən bilmirəm namus nə deməkdir”-Ulvira Qarayeva
18 Noyabr 2012 20:33 Mədəniyyət"Efirdə göbək atanlar ərə gedə bilmədi"
"Kişi gərək, məni yanında saxlaya bilsin"
Publika.Az-ın qonağı teleaparıcı Ulvira Qarayevadır.
Dünyada olduqca məşhur olan "VOGA" mebelləri öz keyfiyyəti ilə seçilir. İndi bu keyfiyyət sizə daha yaxın oldu. Geniş salonda bu şöhrətli brendin ən gözəl nümunələri ilə tanış ola bilərsiniz. Evinizin havasını dəyişəcək bu mebellərə on il təmir təminatı da verilir.
-Müxbir olduğunuz vaxt müsahibə almaq üçün ağlayırmışsınız.
-"SOY production"da müxbir işlədiyim vaxt maraqlı çox hadisə olurdu. Pier Rişardan yeganə eksklüziv müsahibəni mən almışam. Bakıda olanda arxasınca qaça-qaça getdim. Rüstəm İbrahimbəyovla isə problem ona görə olmuşdu ki, mənə müsahibə vermək istəmirdi. Səbəb də o imiş ki, tənqidi fikir səsləndirmək istəmirdi. Mən də əvvəlcə bunu başa düşməmişdim. Üzümü divara çevirib hönkürtü ilə ağlayırdım. Ağlamağımı görən Rüstəm İbrahimbəyov özü yaxınlaşdı ki, səninlə heç bir problemim yoxdur. Heç kim haqqında tənqid demək istəmədiyim üçün müsahibədən qaçıram. Bir də Mixalkovdan müsahibə ala bilmədiyim üçün oturub dəli kimi ağlamışam. O zaman ANS televiziyasında işləyirdim. Müsahibə alınmayanda özümdən inciyirdim ki, niyə məndə alınmadı.
-Bəs elə siyasətçi var ki, ondan müsahibə almaq üçün də ağlayasınız?
-Siyasət və şou biznes elə sahədir ki, mənə qətiyyən maraqlı deyil. Siyasətçidən müsahibə almaq da mənlik olmayıb. Mənim haqqımda olan məlumatlar mətbuatda şou biznes bölümündə olanda da əsəbləşirəm.
-ANS-in nə fərqi var?
-ANS mənim keçmişim, gələcəyim, məktəbimdir. ANS yeganə kanaldır ki, mən ora biganə qala bilmirəm. ANS survivor kimi bir yerdir. Orada hamı sağ qalmaq üçün çalışır.
-Deyirlər, ANS-də maaş çox azdır. Həm də, bir müddət işlədikdən sonra Vahid Naxış maaş vermədən işdən uzaqlaşdırır?
-Mən hazırda ANS-də işləmirəm. İndi evdə dincəlirəm. Müxtəlif təkliflər var. Profilimi dəyişəcəyəm. Bu mənim üçün çətin olmayacaq. Çünki xəbərlərdən başlamışam. Evlilik proqramına ona görə aparıcılıq edirdim ki, tanınım. Vahid Naxışın digər işçilərlə münasibəti öz işidir. Ən azından məlumatım yoxdur. Hər rəhbər kimi Vahid Naxışın da qəribəlikləri var. O, işini mükəmməl bilir ki, neçə ildir ANS kimi telekanalı idarə etməyi bacarır.
-Xarici görkəmcə elə də gözəl olmayan qızlar ANS-də rahatlıqla iş tapır. Vahid Naxışın çirkin aparıcı kompleksi var?
-Fikirləşirəm ki, makiyajla xilas edilməyən, makiyajla islaholunmaz qadın yoxdur. ANS qədər savadlı aparıcısı olan telekanal da yoxdur. Qadın o vaxt çirkindir ki, makiyaj onu düzəltmir.
-Çox komplekssiz görsənirsiniz. Doğrudan belədir, ya efir üçün nəzərdə tutulmuş obrazdır?
-Mənim heç bir kompleksim yoxdur. Özümlə, öz bədənimlə barışığam. Özümü sevirəm, əzizləyirəm. Mənə özümlə çox xoşdur.
-Bəs, Elgizlə necə, xoşdur?
-Elgizlə də çox xoşdur. Elgiz haqqında yalnız bircə sözü deyə bilərəm, hər kimdirsə özümünküdür, mənimdir. Bizim efirdə atışmalarımız, efir arxasında davalarımız olub. Çünki ilk vaxtlarda məni qəbul etmək istəmirdi. O, artıq ulduz idi. Elgiz də elə adamdır ki, insan dəyərini anlayır.
- "Toy olsun" proqramında evləndirdiklərinizdən heç boşanmayanı olub?
-İyirmi cütlükdən cəmi dörd cütlük boşanıb. Bu da elə böyük rəqəm deyil. Valideyn də evləndirəndə boşananlar olur. Biz heç kimə basqı etməmişik. Hamıya seçim təqdim etmişik.
-Bəs efirdə göbək atan qızlar necə, onlarda alındı?
-Təəssüf ki, alınmadı. Demək ki, Azərbaycan cəmiyyətində göbək atmaqla ərə getmək olmur. Göbək atmaqla ailə qurmaq olmur.
-Niyə işdən çox şəxsi həyatınızla gündəmdəsiniz?
-Demək ki, bu maraqlıdır.
-Kimin üçün?
-Evliliyimlə bağlı heç kimə müsahibə verməmişdim. Toydan Şahin adlı dostum video çəkib saytlara yerləşdirmişdi. Mən heç vaxt şəxsi həyatla gündəmdə olmamışam. Buna qarşı tərəf maraqlı idi. Onun da məqsədi məndən istifadə edib gündəmə gəlmək idi. Təsəvvür edin ki, hər dəfə özünə bıçaq vurub xəstəxanaya düşəndə mətbuata zəng edib deyirdi ki, durun gəlin. O adam mənim həyatımın səhvidir. Hər şeyin necə baş verdiyini anlamıram.
-Çox səhvləriniz olub?
-Çox olub. Lakin, bu qədər böyük səhvim olmayıb. Su heç vaxt axıb öz çuxurunu tapmayıb.
-Sizin çuxurunuz nə boydadır?
-Plastikaya çox fikir verən adamam. İnsanın hərəkətləri, maneraları mənim üçün çox vacibdir. O çuxuru hələ görə bilməmişəm. Bu, elə asan məsələ deyil. Mənim tələblərim, kriteriyalarım çox böyükdür. Çətin adamam. Hər kişi bir az heyvan, vəhşi olmalıdır. İntellekti çox yüksək olmalıdır. Məni yanında saxlamağı bacarmalıdır. Kişilərlə münasibətdə ab-havanı mən təyin eləmişəm. Problemim də elə bu olub.
-Bəs meyxanaçı necə sizin çuxurunuz ola bildi?
-Bizi bir-birimizə heç nə bağlamırdı.Onu sevmirdim. Dörd ay içində hadisələr necə inkişaf elədisə, heç özüm də anlamadım. Şadlıq sarayına daxil olanda öz-özümə sual verdim ki, görəsən, bu kimin toyudur. Zəli kimi yapışmışdı. Boğulurdum. Nəhayət ki, hər şey bitdi və azad oldum.
-Vicdan əzabı çəkməyiniz üçün səbəblər çoxdur?
-Uzun müddət bilməmişəm ki, vicdan nədir. Vicdan sözünü anlaya bilmirdim. Amma indilərdə kiminsə xətrinə dəyəndə, incidəndə hiss edirəm ki, içimdə nəsə sızıltı var. Vicdan çox pis şeydir. İnsanı incidir, narahat edir. Bir yerdən pıçıltı eşidirsən. İstəmədiyin zəngi edib kiminsə könlünü almaq zorunda qalırsan.
-Haqqınızda eşitdiyiniz ən pis şayiə hansı olub?
-Həmin şayiəni mən yox, anam eşidib. Naxçıvandan Bakıya qayıdanda avtobusda iki qadının söhbətinə şahid olub. Danışırmışlar ki, guya mən bic doğulmuşam. Valideynlərim məlum deyil. Anamın yanında oturan qadın deyib ki, niyə müdaxilə etmirsən? Axı sənin qızından danışırlar. Anam nəyisə isbatlamağa, inandırmağa ehtiyac görməyib. Ailəmizi, valideynlərimi tanıyanlar tanıyır.
-Şayiələr, şəxsi həyatınızda baş verənlər qızınızla münasibətinizdə problem yaratmadı ki?
-Təəssüf ki, qızım baş verənlərin istəmədən passiv iştirakçısına çevrildi. Baş verənlər ona təbii olaraq pis təsir göstərirdi. Qızım da, anam da sonuna qədər arxamda oldular, məni tək qoymadılar. Qız anası olandan sonra insanın ürəyində yoxdursa da, zəriflik oyanır. Qız övladı fövqəladə sehrlidir, bir başqadır. Hər gün qızından yeni şeylər öyrənisən, onunla yenidən yaşayırsan.
-Nələr edərdiniz ki, siz etdiyiniz səhvləri qızınız etməsin?
-Qızım tamamilə fərqli insandır. O, heç vaxt səhv etməyəcək. Qızım o insandır ki, hansı ki mən olmaq istəyirdim. Qızım mənim ideal variantımdır. On dəfə də bu dünyaya gəlib qayıtsam, yenə qızım kimi ola bilmərəm.
-Tanınmış simalardan kimi yaraşıqlı hesab edirsiniz?
-Azərbaycanda elə bir kişi yoxdur ki, onun yaraşığı diqqətimi çəksin. Amma türk aktyoru Kıvanç Tatlıtuğdan yaman xoşum gəlir. Ümumiyyətlə, sarışın, göz rəngi açıq kişilər ağlımı başımdan alır.
-İnsanların cinsi həyatları ilə bağlı hekayələrini anlatdığı bir proqram apararsınız?
-Azərbaycandan danışmaq üçün mövzu çox azdır. Hər şey bağlı qutu içindədir. Vay o gündən ki, o qutunun qapağı qalxsın. Oradan elə dəhşətli şeylər çıxacaq ki, millət şoka düşəcək. Biz hər şeyi gizlətməyi, bağlı qapılar arxasında eləməyi öyrənmişik. Hər şey eləmək olar, ancaq danışmaq olmaz. Klişələrə alışmışıq. Dünyada yeddi rəng yoxdur, milyonlarla rəng var. Ağzını açıb hansı mövzuda danışmaq istəyirsənsə, deyirlər, olmaz. Ana barədə danışmaq olmaz, müqəddəsdir. Övlad müqəddəsdir, ailə müqəddəsdir. Bəs, nədən danışmaq olar? Yığılıb qalmış saysız-hesabsız problemlər, daxili ziddiyyətlər var. Bunlar insanları narahat edir, yaşamağa qoymur. Bura ikili standartlar ölkəsidir. Hər şeyə namus, qeyrət donu geyindirib insanların boğazından asıblar. Hamıya çərçivə yaradıblar ki, buradan çıxa bilməzsən, belə də yaşamalısan. Harada yazılıb bu qanun? Lazımlı şeylər diqqətdən yayınır, müzakirə olunmur.
-Azərbaycanda gənc jurnalist Sevinc Mənsimli anası ilə birlikdə atası tərəfindən baltalandı. Cəmiyyət buna lazımınca reaksiya verdimi?
-Bizdə heç nəyə lazımınca reaksiya verilmir. Hamı başını aşağı salıb şəxsi, günlük, sıradan problemləri ilə əlləşir. İnsan heç nə edə bilməz ki, ölümə layiq olsun. O qızın və ya başqa ölənlərin nə günahı var idi? Heç bir səbəb olmadan qadınlar öldürülür. Öldürülən bu qədər qadın əxlaqsız ola bilməz axı. Təsəvvür edin ki, 30-35 yaşında qadın ailə qurmayıb. Onun da taleyi belə gətirib. Və ya ailə qurmamaq öz seçimi ilə olub. Onun öz cinsi həyatını istədiyi kimi yaşamasına cəmiyyət imkan vermir. Hamı işini buraxıb onu güdməklə məşğul olur. Cəmiyyət istəyir ki, qadınlar hormonal dəyişiklikdən qırılıb getsinlər. Ona görə də qadınların çoxunun əsəb, cinsi xəstəliklər problemləri var. Heç kim ətrafdakının xoşbəxt olmasını istəmir. Belə çıxır ki, kişiyə hər şey olar, qadına yox? Bu çərçivələrin hamısı cəmiyyəti korlamağa hesablanıb. Çərçivələr insanları ikiüzlü fırıldaqçıya çevirir. Hər istədiyini elə, ancaq heç kim bilməsin deyir. Ya gərək, hamının ağzını yumacaq gücün olsun, ya da hamı ilə münasibəti kəsəsən. Niyə axı, səni öldürə bilən qardaşla, ata ilə bir evdə yaşamalısan ki, o da sənə zorakılıq etsin? İqtisadi azadlıq olandan sonra qadın üçün hər şey var. Qadınlar durmadan oxumalıdırlar ki, bu qədər çətinliklərlə baş edə bilsinlər. İndi çox sayda qadın ailəyə sevgi ilə bağlı deyil. Sadəcə olaraq maddi təminatları olmadıqları üçün boşana bilmirlər. Ər həmişə tapılar. Tez-bazar ərə getmək yalnız valideynlərə maraqlıdır. O da övladı düşündükləri üçün eləmirlər. Öz eqoları danışır, özünü düşünür.
-Son dəfə "insanpərvər" sözünü nə zaman eşitmisiniz?
-Bizdə hamı iddia edir ki, guya qonaqpərvərdir. Heç qonaqpərvər də deyilik. Ən az qonaq gəliş-gedişi indi elə Azərbaycandadır. İki gündən artıq evdə qonaq saxlamırıq, amma adımızı qonaqpərvər qoymuşuq. Guya Avropada qonaq gedəndə adamı tutub döyürlər. İnsanpərvərlikdən isə danışmağa dəyməz. Biz bir-birimizi sevmirik. Hamının işi-gücü başqasını çəkişdirmək, həyatına burun soxmaqdır. Düşünmürlər ki, indi ələ saldığı hadisə sabah onun da başına gələ bilər. Hər şey insan üçündür.
-Arada mənə elə gəlir ki, namus elə vaginadan ibarətdir...
-Bəli. Azərbaycan cəmiyyətində namus vaginadan ibarətdir. Namus insanların uydurduğu fantaziyadır. Hər şeyi qadının cinsi orqanına bağlayırlar. Qadının öz cinsi istəklərini ödəmək istəməsi bütün bir nəslin dərdinə çevrilir. Mən namusun nə demək olduğunu bilmirəm. Mənim üçün insan və yaşanacaq həyat anlayışı var.
-Bəlkə bunun altında insanların həyata keçməyən cinsi istəkləri dayanır?
-O da ola bilər. Heç kim istədiyini yaşaya bilmir. Bu da ətrafa aqressiya yayır.
-Azərbaycanda afrodizyak maddələrə maraq artıb. Səbəb nədir?
-Bu haqda məlumatım yoxdur. Bəlkə də, kişilərdə hər şey qaydasındadır, sadəcə olaraq komplekslidirlər. Həm də qadının həyatında yalnız bir kişi varsa, haradan bilir ki, problem var? Demək ki, hər iki tərəf komplekslidir və yaşadıqlarını gizlədirlər.
-Azərbaycan kişilərinin cənnəti Lvov hesab edilir. Başını götürən Lvova qaçır. Bəs qadınlar? Deyirlər, Tiflis azərbaycanlı qadınlar arasında dəbə minib.
-Mən Ruanda şəhərini bilirdim. Orada bir qadına beş kişi düşür. Nəinki gürcü kişiləri, heç bir başqa millətin kişisi mənə maraqlı deyil. Qadınlarımız sərbəst cinsi həyat yaşamaq üçün Gürcüstana, gürcü kişilərin yanına qaçırsa, deməli, məqsəd yalnız gizlətməkdir. Bu məsələdə də millətçiyəm.
-Heç başınıza gəlib ki, hansısa kişini heç tanımayasınız. Ancaq gedib desin ki, guya sizinlə yaxınlığı olub?
-Çox olub. Əgər bununla kimsə xoşbəxt olacaqsa, qoy desin ki, Ulvira ilə münasibəti olub. Heç kimə heç vaxt nəyisə sübut eləmək fikrim olmayıb. Kim istəyir inansın, kim istəyir inanmasın.
-10-20 il sonra üçün nələrdən qorxursunuz?
-Xarici görünüşümün kəskin dəyişməsindən qorxuram. Uğurlu plastik əməliyyatlar istəyirəm. Bu qorxu deyil. Gələcəyə aid qayğılardır. Anamın səhhətinin indiki kimi olmasını istəyirəm. Bir də ki, qızım xaricdə təhsil almaq istəyir. Onun arzularının reallaşmasını istəyirəm.
-Kimləri oxuyursunuz?
-19 yaşıma qədər Rusiyada yaşamışam. Rus ədəbiyyatı, Puşkin, S.Yesenin mənə daha yaxındır. Puşkin Rusiya ədəbiyyatının Allahıdır. Yesenin isə sevgi ilahələrinin Tanrısı. Məcburiyyətdən bir dəfə Füzulini oxudum, təzyiqim qalxdı. O, mənim deyil, ərəb sözləri olan ədəbiyyat mənə yaddır.
-Millətçilik, patriotluq hissi sizdə nə dərəcədə inkişaf edib?
-Azərbaycandakı bütün millətləri, etnikləri sevirəm. Yeganə millət ermənilərdir ki, onlarla heç vaxt barışa bilmərəm. Dünyada heç nə bunu mənə məcbur edə bilməz. Onları dəfələrlə bağışlamışıq. Bu da həmişə ziyanımıza olub. Onlar illərlə bizim xidmətçimiz, köləmiz olub. Ermənilərin bizə elədikləri qulların üsyanı idi. Ürəyim heç cür barışa bilməz. Hansısa beynəlxalq tədbirdə də qarşılaşsaq o millətdən heç kimin əlinə toxunub salam verə bilmərəm.
Günay