Xəyyam Nisanov konsertində sirk nümunələri olacaq
16 Noyabr 2012 19:09 MədəniyyətMüğənni Xəyyam Nisanov dekabrda Heydər Əliyev Sarayında verəcəyi konsert proqramında digərlərindən fərqlənəcək şəkildə çıxış edəcək. "Azadinform" xəbər verir ki, bu barədə müğənninin prodüseri Murad Arif danışıb.
Onun sözlərinə görə, müğənni bəzi mahnılarını konsertdə çox özəl formatda təqdim edəcək: "Xəyyam 3 saata yaxın canlı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edəcək. Heydər Əliyev Sarayının şərtləri elədir ki, orada fonoqramla ifa etmək olmaz. Xəyyam da istəsə, bəzi müğənnilərimiz kimi, başqa bir yerdə "fonoqram" konsert verə bilərdi. Yalandan işıqlarla, rəqqaslarla baş aldada bilərdik. Amma fikirləşdik ki, Xəyyam Nisanov konsert verirsə, bu, daha yaxşı və canlı ifa olmalıdır. Sonra efirdə çıxıb bəziləri kimi deməsin ki, konsert verdim, adı da fonoqramdı".
M.Arif bildirib ki, səhnədə Xəyyam ukraynalı rəqqaslarla birlikdə çıxış edəcək: "Konsertdə çox maraqlı rəqslər, hətta sirk nümunələri də olacaq. Xəyyamın bəzi mahnıları çox özəl formatda təqdim ediləcək. Ülviyyə Könül və mən bu konsert üzərində çox gərgin işləyirik".
Prodüser Xəyyamın efirlərdə görsənməməsinə də aydınlıq gətirib: "Konsertə 3 ay qalmış Xəyyam heç bir efirə çıxmır. Artıq sonuncu aydır. Sizin vasitənizlə demək istəyirik ki, konsertə qədər Xəyyamı verilişlərə çağırmasınlar".