Azərbaycanın şimal bölgəsində turizm fəaliyyəti ilə bağlı zonaların Baş Planı hazırlanacaq

Azərbaycan Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edildikdən sonra Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarında müxtəlif növlər üzrə turizm fəaliyyətinin təşkilinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı zonaların Baş Planı hazırlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "Turizm və rekreasiya XXI əsrdə" I beynəlxalq elmi praktiki konfransda cıxışı zamanı deyib.

Onun sözlərinə görə, "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, ilkin mərhələdə Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonları üzrə ərazilərin turizm və rekreasiya zonası elan olunması üçün mavafiq işlər görülüb. Artıq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ilk növbədə Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonlarının Xəzər sahili ərazilərinin, Quba və Qusar rayonlarında turizm üçün əlverişli olan sahələrin turizm və rekreasiya zonalarının xəritəsi hazırlanıb.
Səmədov deyib ki, bu işin əsas məqsədi ölkəmizin şimal bölgəsi üzrə turizm ərazilərinin idarə olunmasının təkmilləşdirilməsi, keyfiyyətli turizm xidmətlərinin göstərilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsidir.

Nazir müavinini sözlərinə görə, əgər bu ərazilərdə turizm və rekreasiya zonaları yaradılarsa, bu, Azərbaycanda qeyri-neft sektorunun inkişafına, əhalinin məşğulluğunun artmasına, yoxsulluğun azalmasına imkan verər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31