Nazirlik rəsmisi itlərini “evləndirən” müğənnilərə münasibət bildirib
15 Noyabr 2012 17:36 MədəniyyətBu günlərdə Xalq artisti Səməd Səmədovun və Əməkdar artist Nadir Qafarzadənin itlərinə toy edərək quda olacaqlarını bəyan etmələri həm bu xəbəri yayan media, həm də ictimaiyyətin sərt təpkisinə məruz qalıb. Məsələyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva da fikir bildirib.
"Faktxeber.com"a məsələ ilə bağlı öz fikrini bildirən Z.Əliyeva ilkin olaraq baş verənlərlə bağlı media nümayəndələrini günahkar çıxarıb: "Hər hansı bir müğənninin məişət və şəxsi həyatında baş verən hadisələrdən cəmiyyət o, vaxt xəbər tutur ki, media mənsubları bu məsələni gündəmə gətirirlər. Mən bu tip məsələləri media səviyyəsinə çıxaran və müzakirə predmetinə çevirən jurnalistlərin səviyyəsinə şübhə edirəm".
Suala "bu tip mövzuların hansısa media orqanlarında və internet portallarında yayımlanması kimə lazımdır" sualı ilə cavab verən mətbuat katibi bildirib ki, xalq artistləri tərəfindən bu cür halların baş verməsi arzu edilməzdir: "Biz çox istərdik ki, mədəniyyət sahəsində fəaliyyət göstərən bütün insanlar özlərini yaxşı aparsınlar və narahatlıq doğuran əməllərə yol verməsinlər".