Şövkət Ələkbərovanın 90 illiyi yüksək səviyyədə qeyd olunub
15 Noyabr 2012 19:10 MədəniyyətFilarmoniyada Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib."Azadinform" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə filarmoniyanın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ş.Ələkbərovanın özünəməxsus ifaçılıq üslubundan, Azərbaycan musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən danışıb. Nazir qeyd edib ki, Şövkət Ələkbərovanın sənəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib: "Məhz bunun bariz nümunəsidir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sənətkarın 90 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilməkdədir. Bu tədbirlərdə Ş.Ələkbərovanın xatirəsi anılmaqla yanaşı, ölməz sənətkarın yaradıcılığı bir daha gənc nəslə çatdırılır."
Tədbirdə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Xalq artistləri İlhamə Quliyeva, Faiq Sücəddinov, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar artistlər Firuzə İbadova, Aybəniz Haşımova, Təyyar Bayramov, Aygün Hümbətova, Nuriyyə Hüseynova, Teyyub Aslanov, Anar Şuşalı və gənc ifaçı Arzu Əliyeva böyük sənətkarın dillər əzbəri olan mahnılarını ifa ediblər.