Dövlət Film Fondu Emin Sabitoğlunun 75 illiyinə hazırlaşır
14 Noyabr 2012 19:23 MədəniyyətDövlət Film Fondunda görkəmli kino bəstəkarı Emin Sabitoğlunun 75 illiyinə həsr edilmiş tədbir keçiriləcək və yubilyara həsr edilmiş fotosərgi açılacaq. Fonddan "Azadinform"a verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq. Tədbir noyabrın 16-da baş tutacaq.
Qeyd edək ki, E.Sabitoğlu Azərbaycan kinematoqrafiyasına uğur qazandıran, milli kinomuzun inkişafında əhəmiyyətli xidmətləri olan bəstəkarlardandır. O, görkəmli bəstəkar Qara Qarayevdən dərs alıb. Gənc bəstəkar təhsildən sonra "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru işləyib. Ömrünün son illərində E.Sabitoğlu Türkiyədə yaşayıb-yaradıb, İstanbul Texniki Universitetinin Türk Milli Konservatoriyasının professoru olub.
E.Sabitoğlunun yaradıcılığında onun filmlərə yazdığı kino musiqisi xüsusi yer tutur. O, iyirmidən artıq bədii və sənədli filmə musiqi yazıb. Bəstəkarın kino yaradıcılığı 1962-ci ildə çəkilmiş "Dağlarda zavod" sənədli filmi ilə başlayıb, "Kür", "Yollar və küçələrlə", "Sabahın xeyir, Bakı!", "Dəniz", "Cəlil Məmmədquluzadə", "Səməd Vurğun", "Azərbaycan çayı", "Çiçək yığımı" və s. sənədli filmlərə musiqi bəstələməsi ilə davam edib.
Bədii filmlərə gəldikdə, E.Sabitoğlunun ilk işi 1964-cü ildə yaradılan "Kimi daha çox sevirik" kinoalmanaxındakı "Dağ meşəsindən keçərkən" novellası olub. Bunun ardınca o, "Poçt qutusu", "Bizim Cəbiş müəllim", "Gün keçdi", "Dədə Qorqud", "Ad günü", "İstintaq", "Bağlı qapı", "Atları yəhərləyin", "Bəyin oğurlanması", "Yaramaz", "Ölsəm... bağışla", "Təhminə", "Həm ziyarət, həm ticarət" və s. bədii filmlərə musiqi bəstələyib.