Günel Ələkbərovanın toyunu hansı müğənni idarə edəcək?
12 Noyabr 2012 14:40 MədəniyyətTeleaparıcı Azər Süleymanlının təqdimatında yayımlanan "Azərkeş"də əksər həqiqətlər aşkar oldu.Milli.Az-ın məlumatına görə, noyabrın 15-də efirə vəsiqə almağının 5 illik yubileyini qeyd edəcək Regional Televiziya Şirkətinin ən baxımlı "Azərkeş" verilişində əsl bayram abu-havası hökm sürüb.Tanınmış teleaparıcı Azər Süleymanlının adı ilə bağlı olan əyləncəli şounun qonaqları tanınmış estrada ulduzu Günel Ələkbərova ilə əməkdaşımız, maqazin jurnalisti Şahin Cavadsoy olublar. Oxucularımız da təsdiqləyərlər ki, son həftələrin ən çox danışılan mövzularından biri də məhz Günelin ailə həyatı qurmağa hazırlaşmasıdır.
90 dəqiqəlik efir bu xoş günün detallarının çözülməsi üzərində bütünləşdi yazsaq, daha düzgün səslənər. Şəxsi həyatından danışmağa tövbəkar olduğunu dəfələrlə diqqətə çatdıran Ələkbərova bunları deməklə kifayətləndi: "Sevib-sevilirəm. Allah davamlı eləsin, xoşbəxtliyi yaşayıram. Ancaq məndən konkret ad eşitməyəcəksiniz. Məşhur türk mahnısında deyildiyi kimi "adı lazım deyil, baş harfi ben". Bütün xanımlara bu hissi yaşamağı arzulayıram". Danışdıqca gözləri parlayan müğənninin kefini studiyada eşidilən səs daha da yüksəltdi. Telefonla zəng edən nənəsi Mənzər xanım idi. Nəvəsi ilə qürur duyduğunu vurğulayan nənə Günelə görə duaçı olduğunu, onun toyuna çoxdan tədarük gördüyünü gizlətmədi. Mənzər xanımın ardınca telefon bağlantısında daha bir tamaşaçının səsi eşidildi.
Bu, Ələkbərovanın həmkarı və yaxın dostu, populyar estrada müğənnisi Murad Sadıx idi. Ötən həftə "Azərkeş"in canlı yayımında qonaq olduğunu xatırladan Murad studiyada əyləşən dostlarını necə çox istədiyini sübut etməyə görə Xaçmaza zəng vurduğunu açıqladı. Yaranmış fürsətdən maksimum yararlan Azər söhbəti yenə də Günelin toyu üzərinə gətirdi.
Həmkarının xoşbəxtliyinə hədsiz sevindiyi deyən M.Sadıx tamaşaçılar qarşısında söz verdi ki, heç bir təmanna güdmədən bacıları qədər əziz bildiyi dostunun toyunda əsas ifaçı kimi mikrofonu əlinə götürəcək.
Bir sözlə, dostları sözü bir yerə qoyub, istəyindən asılı olmayaraq 2013-cü ildə Günel Ələkbərova üçün misli görünməmiş məclis təşkil edəcəklərinin anonsunu verdilər. "Azərkeş"in ənənəvi rubrikalarında da iştirakçı olan Günel ən sevimli mahnılarını da veriliş boyu izləyicilər üçün səsləndirib.
Məlumat üçün bildirək ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərinin və qonşu Dağıstan Respublikasının əhalisinin seyr etdiyi "Azərkeş" hər həftənin bazar günü saat 20:30-da canlı, videoyazı ilə çərşənbə axşamları 15:00-da yayımlanır.
"Azərkeş" Regional Televiziyanın (RTV) ən baxımlı canlı teleşousudur. Verilişi internetdən izləmək istəyənlər RTV-nin internet saytına daxil olaraq "Canlı izlə" bölümünü klikləyə bilərlər.
Verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.