Moldovada Azərbaycan Respublikası Mədəniyyəti Günləri keçiriləcək
8 Noyabr 2012 16:22 MədəniyyətCari ilin 11-15 noyabr tarixində Moldova Respublikasında Azərbaycan Respublikası Mədəniyyəti Günləri keçiriləcəkdir.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev başda olmaqla 49 nəfərdən ibarət nümayəndə heyəti Moldovaya ezam olunacaq.
Nümayəndə heyətinə Bakı Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov, Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz qrupu, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin rəhbərliyi ilə teatrın aktyorları, habelə "Xəzər" TV-nin jurnalistləri və s. daxildirlər.
Mədəniyyət günləri çərçivəsində Moldova tamaşaçılarına Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşası göstəriləcək, caz musiqisi konserti təqdim olacaqdır.
Mədəniyyət günləri çərçivəsində həmçinin, Paytaxt Kişinyov şəhərində A.P.Çexov adına teatrda fotosərgi və "Azərbaycan ənənələrin və müasirliyin qovşağında" turizm sərgisi açılacaq, "Odeon" mədəniyyət mərkəzində kinofilm həvəskarlarına tammetrajlı "Girov", "Çöllü" və "Vəkil haradadır?" bədii filmləri nümayiş etdiriləcəkdir.
Bu günlərdə həmçinin Moldova Azərbaycanlıları Konqresi tərəfindən 4 dildə hazırlanmış "Nizaminin aforizmləri" miniatür kitabının təqdimatı və Azərbaycanın dahi şairi və filosofu Nizami Gəncəvinin 870 illiyi münasibətilə abadlaşdırılmış bağın açılışı olacaq, "Qafqaz əsiri" restoranında isə "Azərbaycanın milli mətbəxi günləri" keçiriləcəkdir.