İki nəfərlik toy

Vüsalə Məmmədova

Eşidin, ay qudalar
Mehriban, can qudalar
Deyirəm övladlara
Çaldırın toy qudalar...

Bax bu mahnını "Youtube"dan tapıb, yazını onun müşayiəti ilə oxuyun, lütfən. Bu yeganə musiqidir ki, ömürlərinin sonunadək bir-birinə nifrət edəcək iki insan onun sədaları altında üz-üzə rəqs edir.
Hələ ki, nifrətə ciddi bir səbəb yoxdur. Hələ sonralar gənc ailədə ər arvadına bir kəlmə kobud söz desə "O kimdir ki, mənim qızımla belə danışa?", arvad ərini bir sözlə acılasa "O kimdir ki, mənim oğluma söz qaytara?"lar ailəni qana çalxalayacaq... Gənclər çılğınlıqları ilə səhər dediklərini axşam unudacaqlar, amma onlar imkan verməyəcək... unutdurmayacaqlar: "Hələ qoy atan gəlsin!"
Hələ sonralar gəlin hamilə qalacaq və 9 ay "ana olan kəs filan şeyi filan eləmədi"lər güllə kimi bu evdən o evə, o evdən bu evə yağacaq. İki gənc isə qalacaq gülləbaranın altında...
Hələ sonralar ilk nəvə dünyaya gələcək və öz gəlişi ilə yeni bir müharibənin başlanğıcına səbəb olacaq. Çünki, uşaq əkib-doğan qalacaq bir tərəfdə, qudalar körpəyə bir ad yapışdırmaqla bu ittifaqda ən güclü tərəfin kim olduğunu, gənc ailənin üzərində kimin daha çox söz sahibi olduğunu göstərəcək...
Amma bunlar üçün hələ vaxt var. Hələ ki, nifrətə ciddi bir səbəb yoxdur. Sadəcə, adı üstündə - QAYINANA! Yad qızının anası, yad oğlunun anası... Sevilməməsi gərək!
Eşitməmiş olmazsız, keçmişdə tanımadığı, yaxınlaşmadığı insanla evləndiyi üçün zifaf gecəsi az gəlin zorlanmayıb... Və biz o gəlinlərin nəvələriyik...
Qınayacaqsız, amma nənələrimiz necə şanslı imiş... onları təkcə babalarımız, həm də "xoş niyyətlə" zorlayırmış. Onların nəvələrinə isə öz valideynləri toy adı altında paslanmış arzularını həyata keçirmək, özlərini dost-tanışa göstərmək niyyəti ilə işgəncə verir...
Bugünkü gəncliyə baxın. Toyda gəlin də, bəy də 300-400, bəzən daha çox qonağın qarşısında (əksər hallarda elə qonaqlar da) təcavüzə uğrayır... Üzlərinə diqqət etsəz, bu ifadənin hələ nə qədər yumşaq səsləndiyinin fərqinə vararsız.
Valideynlər illər öncə ürəklərində qalan və artıq hər küncündə hörümçəyin tor qurduğu arzularını 20-30 il sonra övladlarına tətbiq edirlər...
Əlbəttə, biz elə xalqıq ki, oğlumuza xonçada "öpülməmiş dodaqlar" təqdim edirik ki, "ev qızıdır"!
Qızımıza öpmədiyi dodaq qalmayan oğlan təqdim edirik ki, "ərindir"!
Bizim valideynlər övladlarına qoşduqları cehizdə belə öz istəklərini üstün tuturlar!
Niyə imkan vermirsiz ki, bu məclis doğrudan da iki nəfərin toyu olsun? Amma necə... Övladlarınız ki, çox sözə baxan, ömründə etiraz etməyən, böyük-kiçik yeri biləndir... Hər addımda valideynlə övlad arasındakı nəsil problemi özünü göstərir. Bu problem niyə toya gəlincə yox olur? Həə... Demək ki, tək günahkar valideyn deyil... Bizim gənclər də 50-60 adamın iştirakı ilə xoşbəxt ola bilmirlər...
Mən yeni nəsil istəyirəm ki, cəsarəti, kreativliyi Facebook səviyyəsindən kənara çıxsın!
Qız istəyirəm valideyninə desin ki, mən bu oğlandan 400 nəfərin iştirakı olmadan övlad doğmaq istəyirəm!
Oğul istəyirəm valideyninə desin ki, mən bu qızla 500 nəfərin iştirakı olmadan sevişmək istəyirəm!
Övlad istəyirəm desin ki, axı bu həyat iki nəfərlikdir!
Axı biz "Mənim işimə heç kim qarışa bilməz" şüarı ilə gəzirik...
Kimsə imtina etməlidir! Xoşbəxt olmağın tək çarəsi budur! Bir nəsil öz istəklərinə "yox" deməlidir! Ya valideynlər ötən əsrdə ürəklərinə pərçimlənmiş arzularına... Ya da övladlar arzularının yumurlanıb ürəklərinin bir küncünə basılmasına... Çünki 20-30 il sonra da onlar öz ürəklərindəki arzuları basmandan çıxarıb, üstündəki tozu üfürüb, başlayacaqlar canım Sizə desin...
Yol verin qudam gəlir,
Ən əziz adam gəlir,
Oğlunun toy günündə,
Xonçasında pay gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31