Tanınmış azərbaycanlı müğənni həmkarlarını məhkəmə ilə hədələdi
6 Noyabr 2012 14:50 MədəniyyətYaşar Cəlilov: ""Bilməzdim" mahnısını məndən icazəsiz oxuyan müğənniləri məhkəməyə verəcəyəm". Tanınmış müğənni Yaşar Cəlilov RTV-nin səhər proqramı "Gün başladı"nın qonağı olub. Müğənni canlı efirdə populyar mahnılarını səsləndirib. Aparıcıların suallarını cavablandıran Yaşar Cəlilov repertuarındakı ən çox sevilən mahnılardan biri - "Bilməzdim" - haqqında gəzən söz-söhbətlərə də aydınlıq gətirib. Müğənni bildirib ki, həmkarlarının əksəriyyəti bu mahnını ifa etməklə asan şəkildə populyarlıq qazanmaq istəyirlər: ""Bilməzdim" mahnısını mənim kimi heç kəs oxuya bilməz, çünki bu mahnı ilə tanınıb sevilmişəm. Mənim icazəm və halallığım olmadan heç kəsin haqqı yoxdur ki, bu mahnını oxusun. Əgər adicə bir telefon zəngi edib halallıq istəsəydilər, bəlkə də, icazə verərdim. İndi məhkəmədə görüşməli olacağıq. Buna haqqım da var, çünki "Bilməzdim" mahnısının sənədləri var və bu sənədlər məhz mənə - Yaşar Cəlilova məxsusdur.
Müğənninin prodüseri Vüsalə Kərimova da məsələyə münasibət bildirib. Vüsalə Kərimova bu məhkəmədən qalib kimi ayrılacaqlarından əminliyini ifadə edib. O, məhkəmədən əldə edəcəkləri təzminatı kimsəsiz, lakin istedadlı uşaqlara verəcəklərini açıqlayıb.
Xatırladaq ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları və qonşu Dağıstan Respublikasının bəzi ərazilərində yayımlanan RTV-nin "Gün başladı" verilişi həftə içi 5 gün saat 07:30-dan 10:30-dək canlı efirdə olur. "Gün başladı" Regional Televiziyanın (RTV) ən baxımlı teleşoularından biridir. Verilişi internetdən izləmək istəyənlər RTV-nin internet saytında "Canlı izlə" bölümünə daxil olaraq bunu reallaşdıra bilərlər