Emin Sabitoğlunun xatirəsi yad olunub

Musiqili Komediya Teatrında Emin Sabitoğlunun xatirəsi yad edilib. Teatrın mətbuat katibi Ağca Muxtarovanın "Azadinform"a verdiyi məlumata görə, Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun 75 illik yubileyi münasibətilə teatrın kollektivi onun müəllifi olduğu "On minlik kef" əsəri əsasında hazırlanan "www.ferzeli-kef.com" tamaşasını nümayiş etdirib. Tamaşada Xalq artistləri İlham Namiq Kamal və Fatma Mahmudova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov və başqaları çıxış edib. Tamaşa Gənc Tamaşaçılar Teatrının binasında oynanılıb.Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, Emin Sabitoğlu Azərbaycan professional musiqisinə müxtəlif mövzulu operettaları, simfoniyası, skripka və fortepiano üçün poeması, bir-birindən gözəl çoxlu estrada mahnıları ilə daxil olub: "Onun yaradıcılığında teatr tamaşalarına və filmlərə yazdığı musiqi də çox önəmlidir. Emin Sabitoğlu onlarla filmin və teatr tamaşasının musiqi müəllifidir. Musiqili Komediya Teatrının repertuarında yer alan "www.ferzeli-kef.com" tamaşası da bəstəkarın ən uğurlu işləri sırasına daxildir.

Qeyd edək ki, tamaşadan öncə Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edərək bəstəkarın həyat və yaradıcılığı barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31