Əyyub Quliyev Avstriyada ilk mötəbər lahiyədə...
29 Oktyabr 2012 15:39 MədəniyyətAzərbaycan Akademik Opera və Balet teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə oktyabrın 27-də Avropanın dünya şöhrətli kollektivlərindən biri olan Vyana Dövlət Kamera Orkestri ilə konserti olub. Ə.Quliyev "OLAYLAR"a bildirib ki, konsert Avstriyanın məşhur Vyana Konserthauz salonunun Mosart zalında gerçəkləşib. "Toyota Bakı Mərkəzinin" dəstəyi ilə keçirilən bu səfər zamanı Əyyub Quliyev və Vyana Kamera orkestri dünya klassik musiqisi ilə bərabər dahi Azərbaycan bəstəkarları - Üzeyir Hajıbəyovun "Arazbarı" və Qara Qarayevin "7 gözəl" və "İldırımlı yollarla" baletindən nümunələri ilk dəfə olaraq avtsriyalı dinləyicilərə təqdim edilib. Konsert ənənəvi olaraq Vyana Konserthauz salonunda keçirilən "Beynəlxalq müsabiqələr qalibləri" silsiləsi çərçivəsində gerçəkləşib. Həmin lahiyədə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən beynəlxalq müsabiqələr laureatları olan dirijorlar, müğənnilər və instrumental ifaçılar dəvət olunur. Azərbaycan ilk dəfə olaraq həmin mötəbər lahiyədə iştirak edirdi. Dinləyicilərin böyük marağına səbəb olan konsertin biletləri bir həftə öncədən satılıb. Eyni zamanda həmin gecə məşhur avstriya bəstəkarı Helmut Şmidingerin "Tənhalıq" simfoniyasının dünya premyerası baş tutub. Proqramın sonunda isə Vyana Kamera orkestri və Əyyub Quliyevin ifasında səslənən dahi italyan bəstəkarı Cüzeppe Verdinin simli orkestr üçün simfoniyası dinləyicilər tərəfindən ayaqüstə alqışlanıb.