İngiltərə ilə 40 illik dostluğumun tarixi və yaxud yada düşən xoş xatirələr.....

"Visions of  Azerbaijan "jurnalını ilk dəfə 2011-c- ilin iyul ayında görmüşdüm.Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycan təmsilçisi Taleh Bağıyevlə   onun iş kabinetində söhbət edərkən masanın üstündəki jurnal  diqqətimi cəlb etdi.Taleh müəllim  marağımı  hiss edib :"  Cəmiyyətimizin jurnalıdır"  -dedi.Sonralar bir yerdə işləyəsi olduq. 2011-ci ilin sentyabrından cəmiyyətin  Avropa Azərbaycan Məktəbində   müəllim işləyirəm.Burada işlədiyim  bir il ərzində  pedaqoji fəaliyyətim çox yüksək qiymətləndirilib: Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sərəncamı ilə  mənə "Ən yaxşı müəllim" adı verilmişdir.  Müsabiqə  qalibi olmaqda   mənə metodiki və təşkilati qayğı göstərən  müəllim yoldaşlarıma çox minnətdaram. Yeni dərs ilindən  Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının  müdiriyəm.Dil dərslərində jurnalın materiallarından da istifadə edirəm.  Məktəbin başqa kafedralarında da jurnalın yazı və şəkillərindən səmərəli istifadə olunur. Başqa sözlə,  "Visions of Azerbaijan" jurnalı   artıq xeyli vaxtdır ki, Azərbaycan məktəblilərinin mütaliə dairəsinə daxil olmuş,   dil dərslərində müqayisəli  və  metodiki dil materiallarının öyrənilməsində əvəzsiz vəsaitə çevrilmişdir.
   Jurnalın tərtibatı, yazıların rəngarəngliyi, materialların təqdimat üsulu çox maraqlı görünür.Azərbaycan mətbuat tarixində özünə şərəfli yer tutan  "Visions of Azerbaijan " jurnalı Azərbaycan həqiqətlərini, təhsilimizin nailiyyətlərini,ölkəmizin flora və faunasının zəngiliyini dünyaya tanıdan nəşr orqanı kimi   oxucuya yaxşı təsir bağışlayır.  Bu jurnal 1906-cı ildə nəşrə başlayıb  uzun illər bou məktəblilərin oxu kitabı vəzifəsini yerinə yetirən "Məktəb" yurnalının müasir davamısıdır.
   "Visions of Azerbaijan" jurnalı məktəbimizin bütün fənn müəllimlərinin də maraq dünyasınıı zənginləşdirir, onların Avropaya açılan yollarını zənginləşdirir
   Mən 1972-ci ilin fevalında Böyük Britaniya Universitetlərində rus dilini öyrənən ingilis və şotland tələbələrinin dəvəti ilə 15 gün Böyük Britaniyada səfərdə-təcrübə mübadiləsində olmuşam. O vaxtlar həm   Azərbaycan Dövlət Universitetinin Azərbaycan filologiyası  fakültəsinin qiyabi şöbəsinin son kursunda oxuyur, həm də leytenant Şmidt adına zavodda tokar işləyirdim.Biz Böyük Britaniyanın paytaxtında , eləcə də Qlazqo, Aberdin, Edinburq  kimi böyük şəhərlərin müxtəlif ali məktəblərində olduq, tələbələrlə, professor -müəllim heyəti ilə görüşlər keçirdik, fikir mübadiləsi apardıq.
  Səfərdən qayıtdıqdan sonra "Qabaqcıl texnika uğrunda " şoxtirajlı qəzetinin 7 nömrəsində "İngiltərə görüşləri" adı ilə silsilə yazılarımı çap etdirdim.Görkəmli jurnalist Osman Mirzəyev bu yazıları rus dilinə tərcümə edib çapa hazırladı. Səfərdə nümayəndə heyətimizin başçısı olan Qəşəm Aslanov   redaktoru olduğu "Azərbaycan gəncləri" qəzetinin iki nömrəsində  "Təzadlar ölkəsində" adlı  maraqlı yol qeydlərini oxucuların mühakiməsinə verdi.
   Bu səfər zamanı Böyük Britaniyanın iri şəhərlərindən aldığım kitablar ,topladığım dil materiallarl və  dilçiliyə aid müxtəlif  elmi materiallar , informasiyalar "Müasir türk  dillərində  rus dili  və rus dli vasitəsilə başqa dillərdən alınmış sözlərdən əmələ gələn fellər" mövzusunda yazdığım  diplom işimdə başlıca yer tutdu.Diplom  işinin müdafiəsi zamanı fakültə elmi şurasının qərarına əsasən  məni  Azərbaycan  Respublikası  Elmlər Akademiyasının aspiranturasında  oxumağa göndərdilər. İngilis dili burada da köməyimə çatdı, minimum imtahanından əla qiymət aldım, ingilis dilində olan elmi ədəbiyyatdan səmərəli istifadə etməyin yollarını öyrəndim.
    İngilis dilində elə materiallar var ki, onlarla  tanışlıq şagirdləri müxtəlif axtarışlara sövq edir. Bu yaxınlarda ingilis dilli jurnalların birində dünyada heykəli  ucaldılan  ilk azəbaycanlının  məşhur neft milyonçusunun   H.Z.Tağıyev olduğu  xəbər verilirdi. Müəllif yazırdı ki ,heykəl məşhur  neft  milyonçusunun   öz şəhərində  -Bakıda yox, Böyük Britaniyanın  Edinburq şəhərində ucaldılmışdır.
    Hadisə belə olub.Hindistandan Böyük Britaniyaya- İngiltərəyə  qayıdan   TOL adlı ingilis zadəganı   yolüstü Bakıda  Hacı Zeynalabdinin qonağı olur.    TOL , evində qonaq  qalduğu  neft milyonçusunun    məktəb və maarif məsələlərinə münasibətinə, xeyriyyəçiliyinə, hümanizminə, qadınların təhsilinə qayğı göstərməsinə  valeh olduğuna  görə  ondan xatirə üçün bir şəkil istəyir. İngilis səyyahı öz vətəninə qayıtdıqdan sonra öz xərci  ilə  bu şəklin əsasında   Edinburqda  Hacı Zeynalabdinin heykəlini ucaltdırır.
  Şagirdlər bu faktı dəqiqləşdirmək üçün hələ də axtarışlarını davam etdirirlər. TOL - adicə səyyahdırmı,onun adı tam şəkildə necədir,   İngiltərədə haqqında söz açılan heykəldən xəbəri olan varmı?
   Bu suallara cavab verməkdə şagirdlərimizə kömək edə bilərsinizmi?
  
   Nazim Nəsrəddinov,
   Azərbaycan Respublikasının əməkdar müəllimi,
   Avropa Azərbaycan Məktəbinin kafedra müdiri.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31