"Bu nömrəyə zəng çatmır"
24 Oktyabr 2012 16:46 Mədəniyyət
Afaq ŞıxlıI
Köksünə məni sıxıb özdə üçün darıxan,
Gözləmədiyim anda əllərimi buraxan,
Arxa durmaq yerinə, bəzən büdrədib yıxan...
Sabahında bəlkələr,
Keçmişində kölgələr,
Bu günündə yalanlar,
Həyatında hesabsız, insan cildli ilanlar...
Daş ürəyin yiyəsi!
Bu qılıqla, bu şəstlə,
Bir kimsədə olmayan gözəlliklə, həvəslə,
Şeir dolu nəfəslə
Niyə gəldin ömrümə?
... Əlvida söyləyirəm
Içimdə yana-yana!
Eşqimi dana-dana bu oyundan çıxıram!
Sənə bir də aldanıb "canım" deməyim deyə
Dişlərimi sıxıram.
Çox heyif!
Sevməyəcəm səndən özgə bir kəsi!
Cansız telefonumtək susub qəlbimin səsi.
İstəyirsən söyləyim, mənsiz neyləyəcəksən?!...
Qurtula bilsən əgər "şeytanların" əlindən
Yerimi çəkəcəksən...
Solub gedən dünyana elə dərd əkəcəksən.
Yığacaqsan xaincə unutduğun nömrəmi,
İllərin arasından məni səsləyəcəksən,
Cavab gözləyəcəksən...
Deyəcəksən: "Bu eşqsiz həyatımda rəng çatmır!"
Amma yoxam mən daha dəstəyin o başında...
Yalnız eşidəcəksən:
Bu nömrəyə zəng çatmır...............
Bu nömrəyə zəng çatmır...............
SƏNDƏN YADIGAR
Bu gün sənlə bağlı xatirələri
Gizlədim qəlbimin dərinliyinə.
Itirdim gözümdən bütün şeyləri
Təkcə bu dördünə qıymadım yenə:
Bir görüş gecəsi sənə verdiyim,
Şirin öpüşlərlə sevindirdiyim,
Əyninə əlimlə geyindirdiyim,
Bir köynək saxladım səndən yadigar...
Hər bir sətirini baş sayacağım
Sinəmin üstündə daşıyacağım,
Təsəllisi ilə yaşayacağım
Bir məktub saxladım səndən yadigar...
Qəlbindən nur kimi axıb süzülmüş,
Misilsiz incitək sapa düzülmüş,
Sevgimiz naminə mənə yazılmış
Bir şeir saxladım səndən yadigar...
Elə ilk görüşdən sənə vurulmuş,
Sonsuz həsrətindən yanıb qor olmuş,
Yalandan, tənədən bezib yorulmuş
Bir ürək saxladım səndən yadigar...
Bu gün sənlə bağlı xatirələri
Gömdüm ürəyimin dərinliyinə.
Olən ümidlərin boş qalıb yeri...
Bu dördlük içində tənhayam yenə...
DÜNYADA BEŞ QADIN VARSA
"Dünyada beş kişi varsa
Beşini də tanıyıram barmağımın beşi kimi
Dünyada beş kişi varsa
Beşini də qatlayıram barmağımın beşi kimi."
(Namusuna hər zaman and içdiyimiz
Azərbaycan Qadınının şəninə yaraşmayan bu şeirin müəllifinə)
Dünyada beş qadın varsa,
beşini də tanıyıram...
Bəzisinə Ana kimi səcdə edib,
bəzisini ürəyimdə yana-yana qınayıram...
Dünyada beş qadın varsa,
hər birisi
gözəlliyin, təmizliyin rəmzi kimi ucalmalı!
Bir ismətli xanım kimi yaşamalı,
bir nurani nənə kimi qocalmalı!
Dəyişibdir amma zaman...
Bu amansız dünyamızda,
nə yazıq ki, yetmir gücüm beş qadının namusuna and içməyə,
beşini də müqəddəslik zirvəsinə ucaldaraq,
başımıza tac seçməyə.
Nə yazıq ki,
kimlərinsə ocağına kül üfürən "şeytan"ların hesabı yox...
Nə yazıq ki,
kimlərinsə balasını atasına həsrət qoyan
"qadın" cildli ilanların heç bir vicdan əzabı yox!
Xoşbəxtliyi kimlərinsə bədbəxtliyi üzərində quranlar var...
İsmətini, paklığını tapdalayıb,
qardaş-bacı ümidini qıranlar var...
"Ana" adı arxasında gizlənərək
neçə-neçə oyunlardan çıxanlar var...
İnsanların evlərini yıxanlar var...
Kişilərin papağını yer altına soxanlar var...
.... Nə dəhşətdir!
Dilləri də necə uzun,
Üzləri də necə "ağdır"?!
Belələri Azərbaycan Qadınının sinəsinə qara dağdır!
Dünyada beş qadın varsa,
hər birisi
gözəlliyin, təmizliyin rəmzi kimi ucalsın qoy!
Bir ismətli xanım kimi yaşasın qoy!
Bir nurani nənə kimi qocalsın qoy!
Beşini də gözümüzü yerə dikib tanımayaq!
Hamısına Ana kimi səcdə edək!
Heç birini qınamayaq!