Filmlərdəki bərbad tərcümələr, bayağı dublyajlar...
Sabir Rüstəmxanlı: “Tərcümə işi ilə məşğul olanlar bəzən öz dillərini belə yaxşı bilmir...” Şeyx Əbdül Mahmudbəyov: “Analarımızı tərifləyəndə mama deyirik, söyəndə ana...”
16 Fevral 2016 10:28 MədəniyyətBütün inkişaf etmiş ölkələrdə filmlər yerli dilə tərcümə olunaraq nümayiş etdirilir. Azərbaycanda da Mədəniyyət və Turizm Nazirliyinin qərarına görə 15 iyul 2011-ci il tarixdən etibarən ölkədə fəaliyyət göstərən kinoteatrlarda xarici filmlər Azərbaycan dilinə tərcümə edilərək (subtitrlərlə və ya dublyaj olunaraq) nümayiş etdirilir.
Ancaq bu tərcümələrdə ciddi nöqsanlar var. Belə ki, subtitrlərdə Azərbaycan dilinin qaydaları pozulur, sözlər yanlış tərcümə edilir. "Metropark" ticarət Mərkəzində yerləşən "Park Cinema"da türk filmi olan "Kardeşim benim" filminin subtitrində "mama qurban", "sağ ol kardeşim" sözünün tərcüməsi olaraq "atam, sağ ol" və bu kimi yanlış tərcümələrin şahidi olduq. Ümumiyyətlə, filmlərin subtitrlərində və ya dublyajında "mama", "papa" kimi sözlərdən tez-tez istifadə edildiyinin, ən pisi isə bu sözlərin Azərbaycan türkcəsində olan sözlər kimi izləyicilərə sırınmasının şahidi oluruq.
"Park Cinema"da fikrini aldığımız bir neçə izləyici də tərcümələrin bərbad səviyyədə olmasından şikayətləndi. Türk filmi izlədiyini deyən Aytac Əliyeva adlı izləyici subtitrlə verilən tərcümənin çox gülünc olduğunu dedi: "Filmin ağlamalı yerində belə, altdakı tərcüməni oxuyanda insanı gülmək tutur. Mən bir neçə filmdə də bunu görmüşəm. Rus sözlərindən istifadə edilir, cümlələr də elə qoşulur ki, insan orada nə demək istənildiyini anlamır".
Digər izləyici Anar Quliyev filmlərin subtitr yerinə dublyajla verilməsinin daha yaxşı olacağını dedi: "Gözü zəif olan insanlar o filmin altında yazılan tərcüməni oxuya bilmir. Ona görə də dublyaj olsa daha yaxşı olardı. Həm də düzgün tərcümə etsinlər. Süni quru sözlərlə yox".
Maraqlıdır, dəfələrlə gündəmə gətirilən bu problem nə vaxtsa öz həllini tapa biləcəkmi? Sabiq deputat Sabir Rüstəmxanlı tərcümə işi ilə məşğul olan insanların bəzən öz dillərini kifayət qədər bilmədiyini dedi: "Əgər filmin tərcüməsində "mama" sözü işlədilirsə, görünür ki, o filmin tərcüməsini elə "mama uşaqları" edib. Bunu tərcümə edənlər, görünür, məişətdə, evlərində rus dilində danışırlar. Amma filmlərin tərcüməsi kimi bir qazanc yeri olan kimi, bu işə birinci sahiblənirlər və öz dillərini bilməyə-bilməyə bu işlə məşğul olurlar. Halbuki iş peşəkarlıqdan və hər kəsin ümumi səviyyəsindən asılıdır. Bir çox hallarda tərcümə işi ilə çox təəssüf ki, rusdilli insanlar məşğul olur. Yaxud bunu edən adamlar tərcümə etdiyi dili bilir, amma öz dilini kifayət qədər bilmir. Bu cür hallar həddindən artıq çoxdur. Təkcə kinoların dublyajında və ya subtitrlərin yazılışında deyil, tərcümə işimizin bir çox sahələrində görünür. Mənə elə gəlir ki, Tərcümə Mərkəzinin yaranması Azərbaycanda tərcümə işində ciddi bir dönüş yaradıb. Tərcümə Mərkəzinin səlahiyyətləri daha da genişlənməlidir və bu məsələlərə onların təcrübəli kadrları cəlb olunmalıdır. Ən azı məsləhətçi kimi onlar bu işlərdə öz köməklərini göstərməlidirlər. Yalnız təcrübəli adamların köməyi ilə problemi aradan qaldırmaq olar. Çox təəssüf ki, danışmaqla bu problem həll olunmur".
S.Rüstəmxanlı telestudiyalara aid qanunun həm də kinoteatrlara aid olduğunu xatırlatdı: "Ölkəmizdə kifayət qədər televiziyalar var, bundan başqa, kinoteatrların sayı artacaq, yeni filmlər gətiriləcək . Qanunlarımıza görə, bu filmlər hökmən Azərbaycan dilində getməlidir. Mən "Nizami" kinoteatrına təsadüfən şeir axşamına getmişdim. Oradakı filmlərin yarıdan çoxunun rus dilində getdiyini gördüm. Bakıda kinofilmlər Azərbaycan dilində getməlidir. Bizim telestudiyalara aid olan qanun həm də kinoteatrlara aid olmalıdır. Rusdilli əhalini nəzərə alaraq bir film rus dilində gedə bilər. Amma yerdə qalan bütün filmlər tərcümə olunmalıdır. Bu, bir zərurət, ehtiyacdır. Başqa cür mümkün də deyil".
Kinorejissor Şeyx Əbdül Mahmudbəyov da məsələyə sərt münasibət bildirdi: "Bu gün analarımızı tərifləyəndə mama deyirik, söyüləndə isə anan deyib söyülür. Qədimdə türklər bir dil bilənə bir şəxsiyyət vəsiqəsi, iki dil bilənə iki şəxsiyyət vəsiqəsi və müəyyən üstünlüklər verirlərmiş. Biz 26 türkdilli tayfalar sözsüz ki, yüz illərin, zamanın axarında istər-istəməz müəyyən dərəcədə deformasiyaya uğramışıq. Yəni müəyyən sözlər dəyişilib, itib, sözlərimizin əvvəli, axırı məntiqi vurğular, şəkilçilər və sairə itib. Şəxsən mən bu işlə məşğul olan bir adam kimi osmanlı, anadolu türkcəsi ilə, o cümlədən türkmən, qaqauz, tatar qardaşlarımız sürətli danışanda fikri tutmağa çətinlik çəkirəm.
Bəzən deyirlər ki, qəzəl ərəb, farslarındır. Belə deyil. Əgər belədirsə, niyə ərəb, fars bir qəzəl yaza bilmir?! Sadəcə olaraq, dünyada 3 dil - ərəb, fars və türk dili olub. Müəyyən fasilələrlə bu dillər hakimiyyətə gəlib və xalqın folklorunda, etnoqrafiyasında, şifahi ədəbiyyatında qalıb. Bu, bəzən də həddən artıq önə çıxıb və aktiv olub. O cümlədən bu 3 dil dünyanın həmişə gövdəsi olan və böyük mədəniyyət, poeziyalar, şərqilər yaradan bir dildir. Bu dillərdən birinə üstünlük verib o birini aşağılamaq düzgün deyil. Bu 3 dildə də mütləq qarışıqlar, qatqılar var. Müasir gənclərimiz bu klassik sözləri bu gün bilmirlər. Çünki tədris edilmir. Buna görə də fikir çaşqınlığı yaranır. Müasir gənclərimiz daha asan münasibət qursunlar, bir-birini daha asan başa düşsünlər deyə, müəyyən güzəştlər olmalıdır. Kinolarda mama söhbətinə gəlincə isə maraqlı bir nüansı qeyd etmək istərdim. Filmlərimizdə ancaq papa, mama deyirlər. O gün televiziyada bir verilişdə aktyor çox maraqlı bir fikir işlətdi. Dedi ki, çox qəribədir ki, bu gün analarımızı tərifləyəndə mama deyirik, söyəndə ana deyib söyürük. Bax budur bizim faciəmiz".
Kinorejissor ləhcənin, məhəlli tipli sözlərin efirə, mətbuata gətirilməsinin yolverilməz olduğunu dedi: "Azərbaycan türkcəsinin bu gün əlimizdə olan klassik danışıq üslubu var. Əgər mən hansısa obraz, xarakter, gülməli bir hadisəni təqlid edirəmsə, o zaman gülməli şivələrdən istifadə edə bilərəm. Amma bu, o demək deyil ki, biz bunu gətirək efirə, mətbuata dolduraq və hərə bir dildə danışsın. Bu yolverilməz bir haldır".
Günel MANAFLI