Putin süni intellekt saxtakarlığının qurbanı olub? Ağ ayı və qatil balina iddiası – ÖZƏL
11:24 SiyasətOlaylar.az xəbər verir ki, Vladimir Putin Ukraynadakı müharibəni qatil balinaların (kosatkaların) ağ ayılarına ovu ilə müqayisə edərək uşaqlara bundan danışmağa çağırıb. Lakin ekspertlərin fikrincə, Rusiya prezidenti internetdə yayılan süni intellekt məhsulu olan saxta videoların - "neyroslopun" təsirinə düşüb.
BBC qeyd edir ki, qatil balinanın ağ ayını öldürməsinin elmi cəhətdən təsdiqlənmiş heç bir halı mövcud deyil, baxmayaraq ki, şəbəkədə guya bu heyvanların döyüşünü əks etdirən çoxsaylı saxta roliklər peyda olub. Beynəlxalq Ayı Tədqiqatı və Populyasiyasının İdarə Edilməsi Assosiasiyasının (International Association for Bear Research and Management) nəşrlərində də belə hücumların sənədləşdirilmiş faktları tapılmayıb.
Alimlərə görə, bu iki növ arasında yalnız dolayı qida əlaqələri mövcuddur. Arktika buzlarının əriməsi səbəbindən onların yaşayış sahələri kəsişir. Alberta Universitetinin bioloqlarının araşdırmalarına görə, ağ ayılar sadəcə olaraq qatil balinaların ovundan qalan qalıqlarla qidalana bilirlər.
Avqustun 29-da müəllimlərlə görüş zamanı Putin uşaqlara "hansı dünyada yaşadıqlarını" izah etmək üçün qatil balinaların ağ ayıların parçalanması səhnələrini qida zənciri nümunəsi kimi göstərməyi təklif edib. O, bu təbiət qanunlarını "xüsusi hərbi əməliyyatın" keçirilmə səbəbləri ilə əlaqələndirib, həmçinin şimal xalqlarının keçmişdə qocaları qurdların ümidinə buraxması adətlərini xatırladıb.