Azərbaycanın tanınmış teleaparıcısının ölüm xəbəri yayıldı

Teleaparıcı və şoumen Nəsib Nur barəsində şayiə yayılıb.Milli.Az-ın əməkdaşına özü zəng edən Nəsib Nur onu "öldürənlər"ə gülərək cavab verdi: "Kimdirsə, mənə yaxşılıq edib, ömrümü uzatmaq istəyib.Dünən bacanağımın ad günündə idik və gecə yarı ailə üzvlərimlə birlikdə evimizə qayıtmışıq. Heç bir avtomobil qəzasına da uğramamışam. Həmd olsun, çox yaxşıyam.Mənə deyirlər ki, bu şayiə Bakı Dövlət Universitetinin tələbələri arasında yayılıb. Açığı, bir az təəccübləndim.
Çünki mən Neft Akademiyasının məzunuyam. BDU-nun tələbələrinin məni bu qədər çox istədiklərini bilmirdim (gülür).
Məni tanıyan insanlara səslənib deyirəm ki, narahat olmasınlar, həyatımda hər şey öz axarı ilə gedir".
Milli.Az xəbər verir ki, bu səhər Facebook sosial şəbəkəsində bəzi istifadəçilər öz statuslarında "Nəsib Nur öldü" sözlərini yazıb paylaşmalar ediblər.
Şoumenin ötən gecə avtomobil qəzasında dünyasını dəyişməsi deyilir. Nəsibin bizə məlum olan mobil telefonuna aramsız zənglər etsək də, onunla danışa bilmədik. Milli.Az-a açıqlama verən Nəsibin baldızı, populyar estrada müğənnisi Səidə Sultan eşitdiklərimizi kökündən yalanladı:
"İşi-peşəsi şayiə yaymaqdan ibarət olan adamlar bir az öz yaşadıqları həyata nəzər yetirsələr, yaxşıdır. Nəsib çox yaxşıdır və Allah göstərməsin, avtomobil qəzası da keçirməyib.
Dünən ailəliklə bir yerdəydik və elə indi də bacımgilə gedirəm. Mərdimazarlar heç nəyə nail ola bilməyəcəklər. Murdar niyyətlərindən əl çəksinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31