Fransada Azərbaycanın mədəniyyət həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə cari ilin oktyabr ayının 19-dan noyabr ayının 12-dək Fransanın müxtəlif regionlarında Azərbaycanın mədəniyyət və incəsənətinə həsr olunmuş sərgi və konsertlər keçirilməsi nəzərdə tutulur. Ölkələrarası mədəni əlaqələrin möhkəmlənməsinə və Azərbaycanın dünyada tanınmasına xidmət edən silsilə tədbirlər Fransanın Reims şəhərindən başlayacaq. İlk tədbir oktyabrın 19-22-də bu şəhərdəki "Tattinger House" adlanan tarixi binada və Reims Konservatoriyasında keçiriləcək. Daha sonra tədbirlərin Fransanın Chalons-en-Champagne, Niort, Cognac, Romarantin-Lanthenay şəhərlərində keçirilməsi və hər şəhərdə üç gün davam etməsi nəzərdə tutulur.
Xüsusi tərtibatla işlənib asılmış afişalar, yerli kütləvi informasiya vasitələrinin tədbirlə bağlı informasiyaları artıq şəhər ictimaiyyətini məlumatlandırıb. Yerli meriya nümayəndələrinin dəstəyi ilə keçiriləcək sərgilərdə fransızlar Azərbaycanın çoxəsrlik zəngin mədəni irsi, incəsənəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Sərgi ekspozisiyalarında Azərbaycan miniatürləri, qədim xalçalar, arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, milli musiqi alətləri, geyim və tikmələr, mis və saxsı qablar nümayiş olunacaq. Konsert proqramlarında Azərbaycan Dövlət Kamera Orkestrinin, həmçinin klassik və milli musiqi ifaçılarının çıxışı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31