“Beşinci fəsil” Flora xanımın ürəyincə olub
Xalq artisti bəstəkar Tural Bakuvinin mahnılarını oxuyacaq
17 Oktyabr 2012 16:14 MədəniyyətXalq artisti Flora Kərimova repertuarına söz və musiqisi bəstəkar Tural Bakuviyə aid yeni 4 mahnı daxil edəcək. Bu barədə "OLAYLAR"İA-ya mahnıların musiqi müəllifi Tural Bakuvi deyib. O bildirib ki, hazırda xalq artistilə birlikdə həmin 4 mahnı üzərində işləyir: "Mahnılar yaxın günlərdə işıq üzü görəcək. Onların arasında "Beşinci fəsil" adlı mahnı var ki, bu, Flora xanım ürəyincə olub. O deyir ki, son 10 il ərzində ona nadir hallarda belə mahnı təklif edilib. Azərbaycan estradasının ən böyük siması Flora xanım tərəfindən eşitdiyim bu sözlər mənim üçün şərəf oldu. Digər bir mahnı isə, rok tərzində hazırlanacaq ki, bu da Flora xanım və gənc ifaçı Rəmal Rəsulun dueti halında olacaq". Bəstəkar onu da qeyd edib ki, müğənnilər ona mahnı sifariş verəndə sözlərin də, musiqinin də bayağı olmasını xahiş edirlər:
"Dolayısıyla, bu məsələ onu göstərir ki, əksər müğənnilərimiz nə qədər təfəkkürə malikdir". Bəstəkar Tural Bakuvi eyni zamanda mahnı piratlarından da gileylənib: "Bu yaxınlarda pirat disklərdə sevilən instrumental əsərim "Payız" kompozisiyasınıı gördüm. Ən azından bu barədə xəbərdarlığın edilməməsi yaradıcı insana təsir edən məqamdır".