Nobel Ədəbiyyat Mükafatları
17 Oktyabr 2012 20:16 MədəniyyətAlfred Nobel bu mükafatın "ən köklü və ən səmimi bir ideal baxışı ən fərqli şəkildə ifadə edən yazara" verilməli olduğunu düşünürdü. İsveç Akademiyası hər il bu mükafata layiq namizədləri seçərkən onu yaradanın bu prinsipini əsas götürür. Dünyaca məşhurluq qazanmasına baxmayaraq, bu mükafatı ala bilməyən yazıçılarda çatışmayan cəhət ya bu fərqlilikdir, ya da ideallıq.
1901-ci ildə təsis olunan bu mükafat hər bir yazıçının həyat yolunda tarixi hadisə olduğu kimi mükafatın öz tarixində də yaddaqalan şəxslər və hadisələr var. "Azadinform" Nobel ədəbiyyat mükafatlarının əlamətdar şəxs və hadisələrini təqdim edir.
Mükafat tarixinin yaddaqalanları
Nobel Ədəbiyyat Mükafatının ilk qalibi fransız yazıçı Sulli Prudhomdur. Mükafatın ilk qalibinə verilən maddi vəsaitin miqdarı 150 min İsveç kronu olub. Mükafatın yaranmasının 100 illiyində isə mükafat britaniyalı yazıçı Vidiadhar Surajprasad Naipaula çatıb.
Bütün həyatı boyu rəsmi və olduqca ağırçəkili mükafatları almaqdan imtina edən fransız yazıçı Jan Pol Sartr 1964-cü ildə layiq görüldüyü Nobel Ədəbiyyatı Mükafatından da imtina etməklə mükafatı rədd edən ilk və son yazıçı olub. Bu mükafatı Sartrdan əvvəl SSRİ-dən olan yazıçı Boris Pasternak da rədd etmiş olsa da, o, bunu siyasi təzyiqlə edib.
Ədəbiyyat mükafatının ən yaşlı qalibi bu mükafata 2007-ci ildə 87 yaşında layiq görülən ingilis yazıçı Doris Lessinqdir. Mükafatın ən gənc qalibi isə 1907-ci ildə bu mükafatı almış 42 yaşlı ingilis yazıçısı Kiplinqdir.
Nobel Ədəbiyyat Mükafatının ən uzunömürlü sahibi Bertrand Russell olub. 1945-ci ildə "Qərb fəlsəfə tarixi" adlı kitabı yayımlanan İngiltərənin öncül fikir adamlarından Russell 1950-ci ildə Nobel alır. 97 yaşında həyata gözlərini yuman Russell ən uzunömürlü Nobel Ədəbiyyat Mükafatı qalibidir.
Russell ilə eyni sevinci paylaşan Kamyuya isə çox yaşamaq nəsib olmur. 1957-ci ildə - 43 yaşında Nobel Ədəbiyyat Mükafatı alan Albert Kamyu cəmi üç il sonra yol qəzasında dünyasını dəyişərək mükafatın ən az yaşayan sahibi kimi Nobel tarixinə düşür.
Nobel Ədəbiyyat Mükafatının 12 sahibi qadındır. Digər sferalarla müqayisədə qadınlar ədəbiyyat mükafatında çoxluq təşkil edir. Nobel Ədəbiyyat Mükafatının sahibi yazıçı xanımlar: Selma Laqerlöf, Qrazia Deledda, Sigrid Undset, Pearl S.Buck, Qabriela Mistral, Nelly Saks, Nadine Qordimer, Toni Morrison, Uislava Szymborska, Elfriede Jelinek, Doris Lessinq və Herta Müller.
Xırda bir detal olsa da, bunu da qeyd etmək lazımdır ki, Nobel Ədəbiyyat Mükafatı tarixində ingilis dili öz sözünü deyib. Belə ki, mükafat tarixində qalib olan 26 kitab ingilis dilində yazılıb. İngilis dilini fransız, alman və ispan dilində yazılan kitablar izləyir.
Nominasiya şərikləri
1914, 1918, 1935 və 1940-43-cü illərdə Nobel Ədəbiyyat mükafatları üçün seçim elan olunmayıb və bu illər mükafat tarixində boş qalıb. 1904, 1917, 1966, 1974-cü illərdə isə mükafatın iki qalibi olub. Yəni bu illərdə iki yazıçı bu nominasiyanı paylaşmalı olub. 1904-cü ildə mükafatı fransız yazıçı Frederik Mistral ilə ispaniyalı Xose Eçeqaray Eyzaquirre paylaşıb. 1917-ci ildə eyni taleyi Danimarkadan olan iki yazıçı - Karl Adolf Qjellerup və Henrik Pontoppidan yaşayıb. İsrailli Şumel İosif Aqnon və alman Nelli Saks 1966-cı ildə bu nominasiyanı paylaşıblar. 1974-cü ildə isə İsveçdən olan iki həmyerli Eyvin Conson və Harri Martinson ortaq olublar.
Qismətinə dünya şöhrəti düşən, amma Nobel düşməyən nəhəng simalar
Yuxarıda qeyd etdiyimiz kimi, dünya ədəbiyyatının bir-birindən sevimli və məşhur yazıçılarının çoxu bu və ya digər səbəblərdən bu mükafatı almayan və ya ala bilməyən yazıçılardır. Yuxarıda adı sadalananlara diqqət yetirsəniz, əslində, onların çoxunu heç tanımadığınızı şahidi olacaqsınız. Əgər sırf əlamətdar hadisə ilə yadda qalmadığı üçün bir çox nəhəng ədəbi simanın bu siyahıda olmadığı qənaətindəsinizsə, yanılırsınız. Çünki o nəhənglərin qismətinə Nobel Ədəbiyyatı Mükafatı düşməyib. Odur ki, siz bütün siyahı ilə tanış olsanız da, orada Borges, Xulio Kortazar, Teoder Drayzer, Ceyms Cons, Artur Miller, Corc Orvell, Mark Tven, Lev Tolstoy, Vircinia Vulf və başqalarının adını görə bilməyəcəksiniz.
Nobel Ədəbiyyat Mükafatı 105 ildir ki, verilir. Onun 109 sahibi var. Mükafatın bu ilki sahibi çinli yazıçı Quan Mo Yedir. Mükafatlandırma mərasimi ənənəvi olaraq Stokholmda Alfred Nobelin vəfatı günündə - 10 dekabrda təşkil olunur. Qaliblərə medal, diplom və miqdarı illərə görə dəyişən pul mükafatı verilir.