Xatirə İslam hansı toyda dava saldı?

Müğənni deyir ki, toy yüksək səviyyədə keçib. Amma...

Bir neçə gün öncə qafqazinfo.az saytı Şəkinin polis rəisinin oğlunda müğənni Xatirə İslamın dava salması haqda məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Şəkidəki "Şəki saray"ında keçirilən toyda müğənni kimi iştirak edən Xatirə mahnı oxuyarkən bir nəfərlə arasında mübahisə yaranıb və mübahisə sonda davaya çevrilib.
Dünən Xatirə İslamla telefon vasitəsilə danışıb bu məlumata münasibətini öyrənmək istədik. Müğənni köməkçisi Günel xanım vasitəsilə qəzetimizə açıqlamasında bildirdi ki, toy yüksək səviyyədə keçirdi: "Həmin toyda iştirak etmişəm. Toy da yüksək səviyyədə keçirdi. Toyda dava düşməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Biz həmin xəbəri yazan saytı məhkəməyə verməyə hazırlaşırıq".
Müğənninin köməkçisi qafqazinfo.az saytının rəhbəri Elburus Ərudu hədələyərək bildirdi ki, yalan informasiya yayan media orqanının rəhbəri qanun qarşısında cavab verəcək: "Xatirə xanımla bağlı şər və böhtan xarakterli informasiyanı yayan kim olursa-olsun, qanun qarşısında cavab verəcək".
Məsələ ilə bağlı qəzetimizə danışan qafqazinfo.az-ın redaktoru Elnur Məmmədli bildirdi ki, xəbər doğrudur: "Xatirə xanım toyda iştirak etdiyini təsdiqləyir. Şəkinin polis rəisi də müğənnini toyuna çağırdığını deyib. Toyda dava düşən zaman redaksiyamıza məlumat verilib. İndi bizi məhkəmə ilə hədələyirsə, canı sağ olsun. Məhkəməyə müraciət etmək onun hüququdur".
Şəki Rayon Polis Şöbəsinin rəis müavini Şaiq Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, yayılan xəbər yalandır: "Polis rəisinin Elnur adında oğlu yoxdur. Üstəlik, həmin günü onun toyu olmayıb".
Xatirə İslamın polis rəisinin oğlunun toyunda iştirak etməsini təsdiqləməsi barədə isə Ş.Əliyev bunları dedi: "Ola bilsin müğənni toyları səhv salıb".
Xatırladaq ki, toyda davaya səbəb müğənni Xatirənin mahnı oxuduğu zaman ona yaxınlaşan bir oğlanın müğənnidən mikrofon istəməsi olub. Bu zaman Xatirə mikrofonu ona verib, həmin şəxs isə Xatirəyə "bu gün mənim ad günümdür, məni öpərsən?" deyib.
Bu istəkdən şoka düşən Xatirə mikrofonu oğlanın əlindən tez alıb. Bu etirafdan sonra isə tərəflər arasında toyda dava düşüb. Hətta vəziyyət o qədər gərginləşib ki, dalaşan şəxslər araq şüşələrini bir-birilərinin başına vurublar. Xatirə isə toyu yarıda qoyaraq tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31