Tanınmış rusiyalı vokalçı Bakıya dəvət edilib
15 Oktyabr 2012 19:54 MədəniyyətOktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "KARMEN" operasının tamaşası təqdim olunacaq."Karmen" dünya opera sənətinin inciləri sırasına daxildir və operasevərlərin ən sevimli əsərlərindən biri sayılır.Opera və Balet Teatrının rəhbərliyi ilk dəfə olaraq bu tamaşada Karmen partiyasını ifa etmək üçün hazırda Avropada çox populyar olan vokalçılardan biri - K.S.Stanislavski və Vl.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının aparıcı solisti, Vokalçıların M.İ.Qlinka adına və Beynəlxalq "Bellini" müsabiqəsinin "Qran-Pri" mükafatı və qızıl medalının sahibi Larisa Andreyevanı dəvət edib.
L.Andreyeva bir çox ölkələri - Danimarka, Hollandiya, Almaniya, İspaniya, Fransa, İngiltərə, İtaliya, Portuqaliya və Yaponiyanın opera teatrlarında uğurlu qastrol səfərlərində olmuşdur. Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq Opera festivalında o Karmen rolunun ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülüb. Xarici KİV-lər L.Andreyevanın ifası haqqında yüksək fikirlər söyləyir, onu "dünya operasının divası və ulduzu, parlaq akrtisa adlandırırlar".
Oktyabrın 20-də tamaşada L.Andreyeva ilə yanaşı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Azərbaycanın Xalq Artisti - Əli Əsgərov (Suniqo), Əməkdar Artist İnarə Babayeva (Mikaella), həmçinin gənc və istedadlı vokalçılar - Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev (Xoze) və Anton Ferştandt (Eskamilio) çıxış edəcəklər.
Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.