Muğam ustası Bəsti Sevdiyeva Kiprə səfər edəcək
12 Oktyabr 2012 23:04 MədəniyyətOktyabrın 19-u Şimali Kiprdə yerləşən yeganə dövlət təhsil ocağı olan Doğu Akdeniz Universitetində 18 Oktyabr müstəqilliyimizin 21-ci ildönümü qeyd olunacaq. Tədbirin təşkilatçıları tərəfindən, həmin tədbirdə çıxış etmək üçün Azərbaycanın tanınmış muğam ustası və eyni zamanda əməkdar artist Bəsti Sevdiyeva dəvət alıb. Bu barədə sənətkarın mətbuat katibi Cəfər Mənsimi məlumat verib. Məlumata görə, Doğu Akdeniz Universiteti Azərbaycan Tələbə Cəmiyyəti və adı çəkilən universitetin rektorluğunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə çıxış etmək üçün tanınmış muğam ustası oktyabrın 17-də Şimali Kiprə yolə düşəcək. Mətbuat katibinin sözlərinə görə, Bəsti Sevdiyeva, universitetdə təhsil alan 500-dən çox azərbaycanlı tələbə ilə yanaşı 68 ölkədən təhsil alan tələbələrin iştirak edəcəyi tədbirdə Azərbaycanın milli musiqiləri ilə yanaşı, bir sıra muğamlarımızı da ifa edəcəkdir. "Doğu Akdeniz Universiteti Azərbaycan Tələbə Cəmiyyəti tərəfindən bizə verilən bilgiyə görə tədbirdə Şimali Kiprin digər universitetlərində təhsil alan tələbələrdə qatılacaq. Tədbir iştirakçılarına Azərbaycanın ləziz yeməkləri tanıtdırılacaq. Bununla yanaşı iştirakçılar cəmiyyətin mədəniyyət şöbəsi tərəfindən hazırlanmış olan milli rəqslərimizi izləmək şansını qazanacaqlar" deyə o əlavə edib.Mətbuat katibi açıqlamasında həmçinin qeyd edib ki, tanınmış muğam ustası Şimali Kiprin bir sıra KİV-ə müsahibələr verəcək: "Dəyərli sənətkarımız Bəsti xanım müsahibə zamanı Azərbaycanın zəngin muğam tarixini, sənətkarla göstərilən dövlət qayğısını Şimali Kipr oxucularına çatdırmağa çalışacaq, gələcək planları ilə bağlı öz fikirlərini Kipr mətbuatı ilə bölüşəcəkdir". Mətbuat katibinin sözlərinə görə, səfər zamanı xanəndəmizin Türkiyədə serial və ya filmlərə çəkilib-çəkilməsi məsələsinə də aydınlıq gətiriləcək. Belə ki bu məqsədlə tanınmış muğam ustasının Şimali Kiprdən vətənə döndüyü zaman İstanbulda bir neçə gün qalacağı gözlənilir. Bununla bağlı "Xatırlayırsınızsa bu yaxında Bəsti xanıma Türkiyədə film və serial çəkən bir sıra şirkətlərdən, onların istehsal etdiyi bir sıra serial və filmlərində rol almaq təklifi olunmuşdur. Əgər dəyərli sənətkarımızın zamanı olarsa film danışıqlarının davamı olaraq Bəsti xanım həmin şirkətlərin rəhbərləri ilə görüşüb, onlarla son nəticəyə gələcəkdirlər. Təkliflər bizi qane edərsə Bəsti xanımı izləyiclər Türk filmlərinin birində tezliklə görə biləcəklər. Amma şirkət rəhbərləri ilə görüşün baş tutub-tutmaması dəyərli sənətkarımızın işlərindən asılı olacaqdır. Çünki Bəsti xanım 18 oktaybrla bağlı Bakıda da gerçəkləşəcək olan bir sıra tədbirlərdə də iştirak edəcək. Buna görə də hazırda proqramımızı düzgün şəkildə bölüşdürməyə çalışırıq" deyə mətbuat katibi bildirib.