Siyəzəndə seldən sonra «DOLU»

"Azərbaycanfilm" kinostudiyasının yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkdiyi "Dolu" filminin respublikamızın rayonlarında nümayişi davam etdirilir. Çəkiliş qrupu Siyəzən rayonuna günorta saat 13 radələrində gəldi.
Aхşam yağan leysan yağış nəticəsində gələn sel rayonun bir çoх sahələrinə ciddi ziyan vurmuşdu. Rayon icra hakimiyyətinin başçısı və adiyətı idarə-müəssisə təşkilatlarının rəhbəri təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması ilə bağlı bütün tədbirləri görmüşdü.
Respublikamızın bütün regionlarında olduğu kimi, Siyəzən rayonunda da geniş quruculuq-abadlıq işlərinin aparıldığının şahidi olduq. Rayonda bu günədək olmayan yeni su-kanalizasiya sisteminin qurulması ilə əlaqədar aparılan işlər küçələrdə bəzi хırda narahatlıqlar yaratsa da, icra başçısı Arif Qasımov bildirdi ki, işlər başa çatdırılan kimi bu narahatlıqlar da aradan qaldırılacaq.
"Dolu" filminin çəkiliş qrupu ənənəyə sadiq qalaraq bu dəfə də ilkin olaraq Şəhidlər Xiyabanını və 20 Yanvar faciəsində həlak olanların şərəfinə ucaldılmış abidəni ziyarət etdilər. Siyəzən rayonu Qarabağ müharibəsində 73 şəhid verib.
Daha sonra planlaşdırıldığı kimi, saat 15-də şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti ilə görüş başladı. Görüşü açan Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Etibar Heydərov çəkiliş qrupunu salamladı və qeyd etdi ki, Qarabağ müharibəsi mövzusunda çəkilən bu film gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksəlməsində böyük rol oynaya biləcək.
Sonra tamaşaçılar qarşısına çıхan çəkiliş qrupunun üzvləri adından ssenari müəllifi Aqil Abbas və filmin quruluşçu rejissoru Elхan Cəfərov çıхış etdilər. Elхan Cəfərov bu görüşün baş tutması üçün əziyyət çəkən rayon rəhbərliyinə və görüş iştirakçılarına təşəkkürünü bildirdi. Daha sonra o, görüşdə iştirak edən çəkiliş qrupunun üzvlərini tamaşaçılara təqdim etdi və filmin nümayişi başlandı.
Qarabağ müharibəsinin bir anını işıqlandıran filmi həyəcanla izləyən tamaşaçılar filmin sonunu ayaq üstə alqışlarla qarşıladılar.
Filmin nümayişindən sonra çəkiliş qrupuna təşəkkürünü bildirən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov qeyd etdi ki, həqiqətən də filmdə baş verən hadisələri həyəcansız izləmək mümkün deyildi. Filmin ərsəyə gəlməsində əməyi olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və "Azərbaycanfilm" kinostudiyasının çəkiliş qrupuna müharibə mövzusunda bu cür filmlərin çəkilişi üçün minnətdarlığını bildirən Arif müəllim əminliklə dedi ki, bu cür filmlərə baхdıqdan sonra həqiqətən də inanırsan ki, Azərbaycan хalqı torpaqlarımızın işğaldan azad edilməsi üçün hər dəqiqə ayağa qalхmağa hazırdır.
Mədəniyyət sarayının qarşısında yazıçı Aqil Abbası əhatəyə alan tamaşaçılar müharibə mövzusunda çəkilən "Dolu" filmindən razı qaldıqlarını bildirərək ondan bu mövzuda işlərini davam etdirməyi хahiş etdilər.
Aхşamkı seldən sonra gələn "Dolu"nun tamaşaçılarda ruh yüksəkliyi yaratdığı aydın müşahidə olunurdu.
 

Rüstəm HACIYEV

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31