Azərbaycanın “Junior Eurovision”dakı təmsilçisi bu gün məlum olacaq

Təşkil olunacaq milli finalın xüsusi qonağı qismində Azərbaycanın “Eurovision” qaliblərindən biri Eldar Qasımov da iştirak edəcək

Bu gün Azərbaycanı "Junior Eurovision" müsabiqəsindəki təmsilçisi müəyyənləşəcək. "Eurovision" mahnı müsabiqəsi üzrə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmovanın ANS PRESS-ə verdiyi məlumata görə, milli final bu gün saat 22:00 İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə (İTV) canlı yayımlanacaq.
Bu gün finala vəsiqə qazanan beş azyaşlı istedad - Nərmin Həsənova, Ömər Sultanov, Qəmərtac Maqsudova, Suada Ələkbərova, Toğrul Kərimov hər biri iki mahnı ilə öz bacarığını nümayiş etdirəcək. Beş finalçıdan biri məhz münsiflər heyətinin qərarı ilə "Junior Eurovision"da Azərbaycanı təmsil etmək şansı qazanacaq.
Bu gün təşkil olunacaq milli finalın xüsusi qonağı qismində Azərbaycanın "Eurovision" qaliblərindən biri Eldar Qasımov da iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan bu il 10-cu dəfə keçirilən "Junior Eurovision"da ilk dəfə təmsil olunacaq. Dekabrın 1-də Amsterdam baş tutacaq müsabiqədə 12 ölkənin iştirakı təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31