Qazan-tava sevərlər Filipp Kirkorovu daha yaxından görəcəklər (FOTO)

Azərbaycanda "nou-hau" ideya keçirilir

Rusiya estradasının ulduzu Filipp Kirkorovun Bakı konsertinə bir ay qalıb. ANS PRESS-in məlumatına görə, 9 noyabrda Heydər Əliyev Sarayında baş tutacaq konsertin biletləri satılıb qurtarıb. Daha doğrusu qab-qacaq, qazan-tava həvəskarlarına hədiyyə verilib. Kirkorovun biletlərinin satışı ilə maraqlanarkən qarşılaşdığımız nüanslar bizi təəccübləndirdi. Sən demə Filipp Kirkorovun paytaxtımızda ilk konsertinin biletlərinin müəyyən qismi, arxa sıralar satışa çıxarılıb. VİP yerlər adlandırılan ön sıralar isə qazan-tava, ümumiyyətlə qab-qacaq həvəskarlarına pulsuz paylanılıb. Yəni, F.Kirkorovun 3D şou formatında təqdim ediləcək konsertinə qazan-tava, qab-qacaq satışı ilə məşğul olan brend mağazalarından alver etməklə düşmək olar.

Biz də tənbəllik eləməyib sözügedən mağazaya yollandıq və Filipp Kirkorovun konsertinə bilet əldə etmək istəyimizi bildirdik. Satıcı qızlar təəssüflə biletlərin qurtardığını bildirdilər. Buna baxmayaraq biletlərin hansı şərtlərlə əldə edildiyini öyrənmək istədik. Satıcı qız, "100 manatlıq tava-qazan, qab-qacaq alanlara bir az arxa sıraların biletlərini verirdik. 300 AZN-lik alver edənlər bir az yaxın sıraların biletlərini əldə edə bildilər. Mağazamızdan 500 manatlıq qab-qacaq alanlar isə ön cərgələrin biletlərini təqdim etdik.", deyərək bizi məlumatlandırdı.

Belə çıxır ki, Filipp Kirkorovu daha yaxından dinləmək üçün çoxlu "skovorotka" almaq lazım gəlib. Nə qədər çox qazan alsan, Filipp "qardaşımızı" bir o qədər yaxından görüb-eşidə biləcəksən.

Məncə, bu "nou-hau" ideyanı daha da təkmiləşdirsək, bilet satışı ilə məşğul olan kassalara ehtiyac qalmaz. Bu yolla həm də satılmayan malların "əridilməsinə" də böyük köməklik ola bilər. Məsələn, kinoya getmək istəyənlərə anbarlarda toz basmış qaloş, teatra tamaşa eləmək arzusunda olanlara dəbdən düşmüş paltarları, futbol həvəskarlarına piştaxtalarda toz basmış idman geyimlərini təklif etmək olar.

Belə olarsa kassalara, bilet satan satıcılara ayrılan pullara qənaət ediləcək. Həm tamaşaçı bolluğu yaranar və mədəniyyətimiz qazanar, həm də satılmayan mallar xırıd edilərək iqtisadiyyatımız da dirçələr.

Mədəniyyət və Turizm Nazirliyi Filipp Kirkorovin konsertinin bilet satışında tətbiq edilmiş bu "nou-hau" ideya ətrafında ciddi düşünməlidir. Bəlkə bir nəticəsi oldu...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31