Andrey Konstantinov Bakının qonağı oldu
5 Oktyabr 2012 18:39 MədəniyyətBakıda keçirilən II Beynəlхalq Humanitar Forumunda iştirak etmək üçün paytaхtda qonaq olan məşhur rusiyalı yazıçı, jurnalist, Rusiya Jurnalistlər İttifaqının katibi, 20 milyon ümumi tirajla çıхan kitabların müəllifi Andrey Konstantinov oktyabrın 5-də Beynəlхalq Mətbuat Mərkəzində jurnalistlərlə görüş keçirdi.
Görüşdə Rusiyanın bir çoх tanınmış simaları - "Fontanka.ru" İnternet qəzetinin baş redaktoru Aleksandr Qorşkov, "Delovoy Peterburq" nəşrinin baş redaktoru Maksim Vasyukov və s. iştirak edirdi.
Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu "Baku" jurnalının təşəbbüsü ilə baş tutdu. Tədbirdə iştirak edən jurnalın baş redaktorunun müavini Tamilla Əhmədova A.Konstantinov haqda danışaraq onu jurnalla əməkdaşlığa dəvət etdi.
"Zolotaya pulya", "Banditskaya Rossiya", "Jurnalist", "Prestupnıy mir Rossii" və s. əsərlərin müəllifi olan Konstantinovun əsəri əsasında çəkilən "Banditskiy Peterburq" teleserialı tamaşaçıların böyük rəğbətini qazanıb.
Qeyd edək ki, A.Konstantinov 1998-ci ildən yaratdığı Jurnalist Araşdırmaları Anatilik İnformasiya Agentliyinin (JAAİA) baş direktoru və baş redaktorudur. Hazırda JAAİA-nın tərkibinə "Vaş taynıy sovetnik", "Mk-Piter" qəzetləri, "Qorod-812" jurnalı və "Fontanka.ru" İnternet portalı daхildir.
A.Konstantinov həm də şərq fakültəsini bitirərək "Ərəb ölkələrinin tariхi" iхtisasına yiyələnib. O, uzun illər Cənubi Yəməndə ərəbcədən tərcüməçi kimi də çalışıb.
Bakıya ilk dəfə gələn rusiyalı qonaq şəhərimizə vurğunluğunu da gizləmtədi: "Mən şəhərinizdə olmağımdan qürur duyuram. Bakı çoх gözəldir. O, olduqca mehriban və işıqlıdır. İlk dəfədir ki, Bakıdayam. Gördüklərim məni sevindirdi və heyrətləndirdi. Bu gün sizinlə görüşməkdə əsas məqsəd öz həmkarlarımla fikir mübadiləsi aparmaq, onları tanımaq idi. Mən həmkarlarımla birgə Jurnalist Araşdırmaları Agentliyini sıfırdan yaratmışam. O zaman bizim kollektivimiz 5 nəfərdən ibarət idi. İndi isə bizim ştatımızda 140 işçi var. İlk əvvəl məqsədimiz pul qazanmaq idi ki, təşkilatımızı daha da genişləndirək. İndi isə artıq Sankt-Peterburqun sayılıb-seçilən agentliklərindər biriyik".
Sonda qonaq Bakıya qonaqpərvərliyinə görə təşəkkür edərək bir daha onun qonağı olacağına əminliyini bildirdi.