“İnsanlara bu musiqini dinlətmək lazımdır” - Fidan Hacıyeva

“Muğamı gözəl bilirəm”

...Opera Teatrının səhnəsində azərbaycanlı bir qız "Karmen" i oynayır. Maraqlıdır, mən sadəcə onu seyr edirəm və düşünürəm ki, öz mədəniyyətindən olmayan bir nümunəni bu xanım necə bu cür mənimsəyə bilib? Və sonra yadıma salıram ki, əslində mədəniyyətin böyüklüyü də elə bundadır. Əsl sənətkarlar bu dilsiz xəzinəni bu cür cilalayıb ürəklərə nüfuz etdirə bilirlər. Bax, bu xanım da belələrindəndir... azadinform.az
İllər öncə məni bu düşüncələrə qərq etdirən xanımla müsahibəm indi. Həm də evində və öz əlləriylə hazırladığı alma piroquna qonaq olmuşam. O səhnədəki məhtəşəmliyin yerini sadə bir qızcığaz alıb. Tez-tez anasına səslənən və nə danışacağını hələ də kəsdirə bilməyən tipik bir azərbaycanlı qızı.
Müsahibim Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatçısı və Azərbaycan Operasının "Karmen"i Fidan xanım Hacıyevadır.

- Fidan xanım, sizə ənənəvi bir sualla müraciət etmək istəyirəm. Hamı tərəfindən sevilmək necə bir hissdir?

- Mən heç inanmıram ki, hamı tərəfindən sevilirəm. Ancaq belə bir münasibəti çox istəyərdim və bunun üçün da çox çalışıram. Kiminsə sənətimi çox sevdiyini dedikləri gün çox sevinirəm, əhval-ruhiyyəm yaxşı olur. Bilirsiz, mən sənətimi çox sevirəm. Bu məhəbbət dinləyicilərimlə qarşılıqlı olanda da özümü gözəl, xoşbəxt hiss edirəm. Mənə elə gəlir ki, bu, sənətimdə nə isə edə bildiyimin göstəricisidir.
- Sizin məşğul olduğunuz musiqi sahəsi həddindən artıq səviyyəlidir. Günümüzdə isə əksinə, kifayət qədər bayağılaşma var. Sizə elə gəlmirmi ki, elə bu bayağılaşmanın da, mədəniyyətimizə olan təcavüzün də qarşısını yalnız ciddi sənətlə məşğul olan adamlar ala bilər və onlar nə isə etməlidir? Sanki Azərbaycan incəsənəti sahibsiz bir xəzinədir, hər gələn əlinə gələni götürüb aparır və öz adına çıxarır...
- Bu məsələ hər birimizin xüsusi olaraq da professional musiqiçilərin ağrılı yeridir. Axı, necə olur ki, bizim efirlərdə bayağı musiqilərə belə yersiz-yersiz imkan verilir? Bilmirəm, bunlar hardan gəlib çıxırlar hələ üstəlik populyar da olub, müəyyən dinləyici kütləsinə də sahib olurlar. Hətta, onları örnək də götürürlər. Halbuki, elə bizim Opera teatrının gözəl səsə, yüksək mədəniyyətə, gözəl musiqi təhsilinə malik solistləri var, çox istedadlıdırlar amma kənarda qalıblar. Onların əksinə, bu bayağılar gündəmdədirlər. Bilirsiz, məni ağrıdan ətrafımdakı insanlar öz televiziyalarımıza baxa bilmirik, demələridir. Bu fikir niyə səslənməlidir? Təbii, ki, onlara qadağa qoymaq üçün professional insanlardan, ziyalılardan ibarət bir qurum yaradılmalıdır. Şou da olar, amma ifrat dərəcədə deyil. Mən yoldaşımla İngiltərədə olanda bu kimi məqamları müşahidə edirəm. Şou-biznes insanlarından bu cür verilişlər hazırlanmır. Onları heç mətbəxə də qatmırlar. Adi insanlardan, gözəlliklərdən, güllərdən, tarixi hadisələrdən, musiqi tarixindən bəhs edən müxtəlif verilişlər var. Mətbəxdən danışanda adi insanları dəvət edirlər. Bilirsiz, hər bir şeyin etikası-estetikası var. Biz bu kriteriyanı gözləmirik. Baxmayaraq ki, bizim dövlətimiz bu cür inkişaf edib, yeni binalar, yeni tikililər və s, bu kimi maddi gözəlliklər var. Ancaq bu dəyişiklik musiqidə yoxdur.
Əslində, mən günahı onlarda yox, özümüzdə görürəm, çünki biz aktiv deyilik. Mən öz dostlarıma efirlərə çox çıxmadıqları üçün irad tuturam. Onları da qınamalı deyil, çünki efirlərdə opera sənətçilərinin canlı ifası üçün imkanlar yoxdur, fonoqramla oxunmalıdır. Fonoqram yazdırmaq isə böyük bir məbləğ tələb edir. Bizim solistlərin başları öz sənətlərinə qarışıb, çünki biz bir operanı altı-yeddi aya öyrənirik və cəmi bir gecədə onu nümayiş etdiririk. Çox çətindir bilirsiz, yabançı dildədir, həm orkestr, xor, canlı, aktyor ustalığı, səsin formada olmağı, buna görə də kanallarda olmağa vaxtımız da qalmır. Ancaq öz sənətimizlə məşğuluq. Mən bunu təkcə özümün deyil, bütün opera teatrının solistləri adından danışıram.

- Düşünürəm ki, Azərbaycan musiqi mədəniyyətini o bəsitliklərə vasitə eləməyə haqqımız yoxdur. Bunun üçün mübarizə aparacaq bir qurumu da inanmıram çünki yox kimi fəaliyyət göstərəcək. Konkret olaraq hər hansı bir kanal sahibinə telefon açıb demək mümkün deyilmi ki, bu qədər yetər artıq?


- Əslinə qalsa efirlərdə bu istiqamətdə irəliləyişlər gözə çarpır. Kanallarımızda yeni verilişlər hazırlanır. Bu istiqamətdə Mədəniyyət kanalını xüsusi qeyd etmək yerinə düşər. İpək yolu festivalı, Qəbələ festivalı, Üzeyir bəyin festivalı, Rastropoviçin festivalı - bunlar hamısı musiqi bayramıdır. Amma unutduğumuz bir şey var, hər festivala eyni tamaşaçılar gəlir.
Bilirsiz, insanlara bu musiqini dinlətmək lazımdır. Yenə də ümidsiz deyiləm. Mənə elə gəlir ki, bayağı proqramlar öz-özünə yox olub gedəcək. Çox istərdim ki, professional musiqiçilərin iştirak edə biləcəyi verilişlər hazırlansın. Opera musiqisi olmasın, xalq mahnıları olsun. Biz xalq mahnıları oxuyuruq, Opera solistləri muğam da oxuyur. Opera səsi elə səsdir ki, biz hər bir janra müraciət edə bilərik.
Çox inkişaf etmiş belə bir ölkəmizdə musiqinin geridə qalması ürəkağrıdıcır. Televiziyanın rolu çox böyükdür. Bunu özləri düşünməlidilər, hər hansı bir veriliş açsınlar, səhnədə dekor qurulsun, gözəl bir royal, canlı ifa və bu kimi məqamlarla zəngin, bu olsun həftədə iki dəfə efirə veriləcək bir proqram. Olmazmı? Kanalın rəhbəri vokalistləri yığsın başına studiya hazırlatsın, royal, kamera orkestri, hamısı da klassik formada geysin, frakda, axşam vaxtı olsun, hər dəfə də bir xarici qonaq dəvət edilsin. O qonağın da mədəniyyətindən ifalar olunsun. Mən çox istəyərəm belə bir veriliş olsun.

- Təsadüfi deyil ki, mərhum prezident Heydər Əliyev vaxtilə nazirləri başına yığıb opera dinləməyə aparırdı...

- İnandırım sizi, mən on doqquz yaşımda Opera və Balet teatrına gələndə "Arşın mal alan"ın premyerası vardı. Ulu öndərimiz Türkiyədən bir qonağıyla gəldi. O tədbirə o qədər gözəl hazırlaşırdıq və düşünürdük ki, biz ulu öndərə gərək istedadlı aktyorlarımızın ifasını nümayiş etdirək, gecə-gündüz ancaq bunu fikirləşirdik. Premyeradan sonra Heydər Əliyev səhnə arxasına gəldi və bizimlə çox gözəl söhbət etdi. Daha sonra Gülüstan sarayında, Xuraman Qasımovanın iştirakıyla "Sevil" operasında, Gülüşü oynayanda da eyni hadisəni yaşadım. Tamaşa çox gözəl keçdi, yenə də səhnəarxasında bizi təbrik etdi. Bu görüşlər bizim bayramlarımız idi.
Çox istəyirəm ki, canlı ifa edə biləcəyimiz verilişlər olsun. Bizdə fonoqram imkanı məhduddur. Operada elə ifaçılar var ki, onların fonoqram hazırlatmaq imkanı yoxdur. Əgər xatırlayırsızsa, mənim Mədəniyyət kanalında "Klassika" adlı bir verilişim vardı, təəssüf ki, vaxt məhdudluğum ucbatından dayandı. İki il İtaliyaya gedib-gəlməli oldum. Mənə çətin oldu onun aparıcılığını eləmək, sənətim çox çətindir, səfərlərim var, Azərbaycanı ölkədən kənarda təmsil edirəm. Verilişin təşkilatçılığı çox vaxt aparır. Dostlarım mənə deyirlər ki, sən o verilişi bağlayandan sonra biz efirə çıxmırıq, bizi də tanımağa başlamışdılar. Bu, Opera sənətçilərinin sözləridir. Bizim Opera janrında sadəcə Opera deyil ki, orda muğam da var, gözəl instrumentalçılarımız var, balet var, onları dəvət edib, onların obrazlarından danışmaq olar. Çox maraqlı olardı. Maraqlı dekor, maraqlı süjetlər. Mənə elə gəlir ki, biz hazırıq buna. Bu, bizə lazımdır.

- Azərbaycan musiqisini dünyaya çıxaran sənətçilərimizdən birisiz. Bu missiyanı yerinə yetirmək sizin üçün çətindirmi, yoxsa ailənizin xariclə bağlılığı sizin işi asanlaşdırırmı? Bir də Azərbaycan musiqisi xarici ölkələrdə necə qarşılanır?

- Əvvəllər çətin olurdu, indi vərdiş eləmişəm. Mən iki il İtaliyanın məşhur səhnələrində çıxış elədim. İlk dəfə Azərbaycanın mədəniyyət günləri çərçivəsində İtaliyada: Turina, Vinetsiya, Milanda Cüzeppe Verdinin konservatoriyasında, Milan yaxınlığındakı Berqamo
şəhərindəki teatrda çıxış etdim və ödül də aldım (ödülü göstərir-dövrümüzün incəsənət sahəsində göstərdiyi xidmətlərinə görə fəxri incəsənət xadimi adı verilir). Bu ödülü italyanlar mənə təqdim elədi. Azərbaycan və italyan musiqilərindən ifalarım olmuşdu. Üzeyir bəyin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyasını ifa elədim. Ondan öncə də bizim İtaliyadakı səfirimiz Vaqif Sadıqov bizim ulu öndərimizin anım gününə həsr olunmuş konsert təşkil eləmişdi. Və mənim ilk solo konsertim orada keçdi və mənim üçün böyük bir nailiyyət idi ki, Tailandın ən məşhur akademiyasında Santa-Ciciliyada mənim konsertim oldu. Ondan sonra məni dəvət elədilər Katolika şəhərində bu italyan bəstəkarı Puçinyonun "Ancelika" operasında bir obraz aldım. Demək istəyirəm ki, bunlar mənim deyil, Azərbaycan musiqisinin nailiyyətləridir. Və mən hamısını öz Vətənim üçün edirəm. Mənim üçün tamaşaçı tamaşaçıdır. Musiqinin dili yoxdur.
Xoşum gəlir ki, tamaşaçıyla harmoniyada olum. Ən sevdiyim hal isə tamaşaçının məndən sadəcə bir neçə metr uzaqlıqda olmasıdır. Onları hiss eləmək, öz hisslərimi onlara ötürmək istəyirəm. Zal böyük olanda kimsəni görmürsən, düzdür rola obraza girirsən ancaq konsert ifa edəndə xoşum gəlir ki, tamaşaçı mənə çox yaxın olsun.

- Zövqlə dinlədiyiniz Azərbaycan musiqiçisi...

- Müslüm Maqomayev. Fidan və Xuraman Qasımovalar. Müslüm Maqomayev mənim kumirimdir. Onun səsi, aktyor oyunu məni heyran edir. Bilirsiz, o, həm gözəl rəssam olub, həm də kitab yazıb, italyan tenoru Mario Lans haqqında. Allah ona hər bir istedadı vermişdi. Öz obrazlarını özü qrim edirdi. Gözəl rəssam, gözəl şair, pianoçu idi. Çox gözəl əlləri var idi. Mən heyrət edirdim, bu qədər də ideal adam ola bilərdi? Araz Ağalarov onun sağlığında Moskvada onun gözəl bir gecəsini təşkil eləmişdi, xanımıyla bir yerdə gəldi. Alla Puqaçova qonaq idi, Azərbaycandan da Sevda Ələkbərzadə ilə məni dəvət eləmişdilər. İlk dəfə orda tanış olduq. Daha sonra Moskvada görüşdüm, mənə dedi ki, sənin çox gözəl səsin var. Heç unutmuram, mən, Murad Adıgözəlzadə və s. hətta şəkil də çəkdirdik. Belə bir insanla görüş mənim üçün inanılmaz idi. Müslüm Maqomayev mənim idealımdır və çox xoşbəxtəm ki, onunla görüşüb danışa bilmişəm.

- Sizdə çox yüksək aktrisalıq qabiliyyəti də var. Təhsiliniz necə, varmı?

- Təbii ki, var. Mən bunun üçün öz müəlliməm Şəfiqə Mahmudovaya minnətdaram. Konservatoriyada oxuyanda aktyor sənəti dərsi keçirdik. Qruplara bölünəndə onun qrupuna düşdüyüm üçün çox sevinmişdim. Şəfiqə xanım bizimlə işləməyə başladı. Etüdlər verirdi, səhnəciklər hazırlanırdı. Mənə çox da dərs keçmədi amma biz onunla hələ də dostluq edirik. O xanımın çox müsbət enerjisi var, mən onda hardasa özümü görürəm. Çox sevirəm o aktrisanı. İdeal qadındır.

- Həm çox professional bir sənətiniz var həm də çox sadəsiz....

- Hə, onu mənə çox deyirlər. Siz vurğuladınız, mən həm də aktrisayam. Amma onu deyim ki, mən sənətdə başqa cür oluram. Obrazlarımda, "Karmen", Aida və s, elə bilin ki, səhnəyə düşən kimi mən artıq Fidan olmuram, sanki məni yandırıb söndürürlər. Söndürürlər Fidan oluram, yandırırlar obrazda oluram. Bilmirəm, bu artıq bir vərdiş halınımı alıb, onu yandırmasalar tamaşanın sonunacan özümü tapa bilmirəm, yandırsalar tamaşanın axırınacan obrazdan çıxa bilmirəm. Opera doğrudan da çox çətin janrdır. Həm musiqi təhsili, həm intellekt, aktyor ustalığı, səs hər şeyi tənzimləmək lazımdır. Hiss etməkdən başqa intellektual cəhətdən zəngin olmağın lazımdır. O zənginliyi də sən sadəcə obrazda istifadə etməlisən. Hər bir sənətkara arzu edərdim ki, həyatda necədirsə səhnədə də elə olsun. Əgər obrazdasansa bunu özün kimi oynaya bilməzsən. Bu, çətin bir peşədir.

- Sizə elə gəlmirmi ki, "Karmen" sizin həyatınızın roludur?

- Gəlir (gülür). Həyat yoldaşım deyir ki, sən artıq "Karmen" obrazıyla bu sənətdə möhür vurmusan, artıq bəsdir. Deyirəm yox, "Karmen"lə mən özümü səhnədə, həyatda tapmışam, axı, onu oynamasaydım səni necə tapacaqdım? (gülür). Onunla Bakıda, BP-nin təşkil elədiyi bir milad bayramı konsertində tanış olmuşam. "Karmen" operasında bir Tabanera parçası var, mən onu ifa eləyəndən sonra mənə yaxınlaşıb. Mən də cavan bir qız, özü də orda elə ürəklə oynamışdım ki, anam mənim üçün təzə paltar almışdı, elə bilirdim ki, bu konsertin şahzadəsi mənəm. Sarışın bir oğlan mənə yaxınlaşdı, dedi, siz nə gözəl "Karmen" ifa elədiz. Bilirsiz, Filipp çox sevir klassik musiqini. Tanış olandan sonra da Türkiyənin müxtəlif bölgələrində - Mersin, İzmir, Samsun, Kıbrıs, İstambul, Ankara Opera və Balet teatrlarında üç il çalışdım. Bu müddət ərzində sadəcə "Karmen"lə məşhur oldum. Məni Fidan deyil "Karmen" deyə çağırırdılar. Çox obrazlar ifa etmişəm amma bu obrazı özəlləşdirmişəm. Azərbaycan operettalarından "Arşın mal alan"da Asyanı oynamışam. Baş rejissorumuz Hafiz müəllim həmişə deyir ki, "Fidan sən onu necə oynamısan, elə bil əsl Asya elə sən özünsən". Ailə qurmamışdan əvvəl mən tamam başqa cür idim, ərköyün böyüyürdüm. Amma indi ailə, işlər məni dəyişib. Baxmayaraq ki, yenə də anam tərəfindən, yoldaşım tərəfindən o münasibəti görürəm, amma bu, əvvəlki deyil.
Azərbaycan operettalarından "Asya" obrazı mənim ən sevimli obrazımdır. O obrazı mən çox istəmişəm və baş rejissorum Hafiz Quliyevə minnətdaram. Ona görə ki, onun zəhməti çox olub. O, rejissor kimi çox mükəmməl bir rejissordur. Çox sadə və çox rahat bir insandır.
- Sizi dinlədikcə nəyi düşünürəm, bilirsizmi? Mənim həmsöhbət olduğum xanımla səhnədə gördüyüm o xanım fərqli adamlardır və mən heyrətlə sizi izləyirəm...
- Düz deyirsiz. Hər ikisi mənəm amma obrazlar fərqlidir.

- Ana olmaq və bu cür çətin bir sənətlə məşğul olmaq. İkisi bir arada sizi yormur ki? Əslində ailəsində başa düşülən və sevilən bir qadın üçün bu, elə də çətin olmamalıdır...

- Hələ ailə qurmamışdan mənim atam mənim tamaşalarıma gəlmirdi, deyirdi ki, birdən həyəcanlanarsan. Tamaşadan evə gəlib həvəslə danışardım, "ata, heç bilirsən, necə gözəl oxudum?" O da gülümsəyib öz dəmlədiyi çaydan süzərdi və biz ata-bala bunu bölüşərdik. Bu, mənim üçün o qədər xoş idi ki, həmişə istəyirdim, ailə quracağım adam mənim atama bənzəsin. Əslində, bu, bütün qızların arzusu olur. Elə də oldu. Filippin mənim sənətimdə rolu çox böyükdür. Azərbaycanı çox sevir. Az deyil, artıq on beş ildir ki, bizim ölkədədir. Əlamətdar günlərimizi, faciələrimizin ildönümlərini mütləq qeyd edir. 20 Yanvarda hər səhər Şəhidlər Xiyabanını ziyarət edir və deyir ki, mən gedib onlara baş əyməliyəm ki, onlar bu torpaq üçün öz qanlarını töküblər. Balaca bir zibili belə yerə atmaz, əlində gətirib evdə zibil yeşiyinə atar ki, mən bu ölkəni niyə zibilləyim? Və mən ona bu alicənablığı üçün təşəkkür edirəm. Bizim adətlərimizə çox bağlıdır. Bilirsiniz, ata, ailə, həyat yoldaşı yaradıcı insan üçün çox önəmlidir. Mən çox istərdim ki, qızlarımız ailə quranda tələsməsinlər, çünki həyat bir dəfə qurulur.

-Sizin deyəsən hərbi rütbəniz də var...

- Hə. Artıq on ilə yaxındır ki, mən Həzi Aslanov adına Zabitlər evinin solistiyəm. Əsgərlər qarşısında müxtəlif konsertlərimiz olur. Mənim çoxlu vətənpərvərlik mahnılarım var. Belə bir işdə işlədiyim üçün sevinirəm. Bir də ona görə sevinirəm ki, əsgərəm, əsgərlərimizin qarşısında çıxış eləyə bilirəm.

- Hərbi forma geyirsizmi?

- Təbii ki. Hərbi formam da var və mənə çox yaraşır. Həmişə bayramlarda o formada çıxış edirəm. Bölgələrdə solo konsertlərim olur. Hər ay da olmasa bir neçə aydan bir bölgələrdə digər solistlərlə birlikdə çıxış edirik.

- Fidan xanım, mənim çox sevdiyim bir milli musiqi alətimiz var - saz. Bir Opera sənətçisi olaraq və bir ingilis cənabının xanımı olaraq Fidan xanımın sevdiyi milli musiqi aləti hansıdır? Fərqli bir tərəfdən yanaşsaq...

- Bizim evimizdə uşaqlıqdan musiqi olub. Mənim atam professional musiqiçi olmadığına baxmayaraq gözəl pianino çalırdı, gözəl muğam ifa edirdi. Tarı da vardı. Anamın isə gözəl muğam səsi var. Anam ev xanımıdır, səsinin arxasınca getməyib. Elə bu səbəbdən də muğamı gözəl bilirəm. Bülbül adına orta ixtisas musiqi məktəbində oxumuşam, muğam müəllimlərim olub. Elə indi də gözəl muğam ustası dostlarım var, Mənsum İbrahimov, Mirxalid müəllim, Nəzakət Teymurova və digərləri. Mən onlarla mütəmadi ünsiyyətdəyəm. Məmməd Arazın sözlərinə bəstələnmiş, "Dağlar səndən küsüb" adlı bir əsərim var. Məmməd Arazın xanımı Xanım xala bu əsərdə etirazıma baxmayaraq muğam oxumağımı istədi və dedi ki, bu, səndə alınar. Mənsumun və Anamın köməyilə ordakı muğamı öz səsimlə ifa etdim. Ən sevimli alətim isə kamandır. Tarla gələcəkdə hansısa proyekt etməyi düşünürəm. Baxmayaraq ki, Filippin ən sevdiyi alət kamançadır. Yeri gəlmişkən onu da deyim ki, bizim böyük musiqiçimiz Habil Əliyevi, Zaur Rzayev, Aybəniz Haşımova və digərlərini dinləyir və qeyd edir ki, sizin keçmiş ifaçılar çox gözəldir.

- Mənim üçün çox maraqlıdır, axı, dəyər fərqi var, necə olur, o ingilis, siz azərbaycanlı. Omu özündən daha çox keçir, yoxsa sizmi ona doğru gedirsiz?

- O. Mənim çox yaxın dostlarım mənə deyirlər ki, o ingilis deyil, azərbaycanlıdır. Sən onu necə dəyişmisən? Mən cavab verirəm ki, onu mən deyil, siz dəyişmisiniz. Daima sizin əhatənizdədir. Biz çox tez-tez dostlarımızla yığışırıq və onun bu səs-küylü məclislərdən çox xoşu gəlir. Bizim toyları, mərasimləri, rəqslərimizi çox sevir. Bir yerə gedəndə deyir gəl gedək oynayaq (gülür).

- Bizim rəqsləri oynaya bilir?

- Hə, çox gözəl rəqs edir. Bir az gec gedəndə soruşur ki, səni toya dəvət etməyiblər? Deyirəm, hələ yox. Darıxmışam deyir, toylardan ötrü.

- Onda belə çıxır ki, o ənənəvi ingilis soyuqluğundan əsər-əlamət qalmayıb Filipp bəydə...

- Yox, qətiyyən. O deyir ki, həyatımın 20%-ni mən Azərbaycanda yaşamışam. Çoxlu dostları var burda, tez-tez zəngləşirlər, görüşürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31