Tarix muzeyində silahların sərgisi keçiriləcək
4 Oktyabr 2012 15:39 MədəniyyətTarix Muzeyində müxtəlif dövrləri əks etdirən Azərbaycan, Şərq və Avropa silahlarının sərgisinin açılışı keçiriləcək. Sabah start götürəcək sərginin nümayişi 2013-cü ilin yanvarın 15-dək davam edəcək. Muzeyin direktoru Nailə Vəlixanlının "Olaylar"a verdiyi açıqlamaya görə XVIII əsrin sonu - XIX əsrin əvvəlində Azərbaycanda metal emalının geniş yayılmış sahələrindən biri silah olub. Onun sözlərinə görə, muzeyin Silahlar və Bayraqlar fondunun əsas hissəsini təşkil edən silahlar Azərbaycanın maddi mədəniyyət abidələri kimi milli mənəvi dəyərlərin, soykökümüzü təsdiqləyən tarixi mənbədir: "Muzeyin silah kolleksiyası müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirməklə yanaşı, xalq tətbiqi sənətinin inkişafını, dövrün silahlarının yüksək peşəkarlığını, onların bədii-estetik zövqünü göstərir".
Xatırladaq ki, muzeyin fondunda müxtəlif dövrləri və ölkələri əks etdirən silahlar saxlanılır.