“Rekviyem” kitabının təqdimatı keçirildi
Zakir Fəxri: “Bu gün sizləri oğurlayıb, bir kitabın dost işığına gətirmişəm!”
3 Oktyabr 2012 16:30 MədəniyyətOktyabrın 3-də Mətbuat Şurasının(MŞ) təşəbbüsü ilə şair Zakir Fəxrinin "Rekviyem" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə MŞ sədri Əflatun Amaşov, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, yazıçı-publisist, "OLAYLAR" qəzetinin baş redaktoru Yunus Oğuz, şair Musa Yaqub, şair Zakir Fəxri, şair Cəmil Həsənli, müğənni Zaur Rzayev, millət vəkili Aqil Abbas, millət vəkili Musa Quliyev və b. tanınmış şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşovun sözlərinə görə "Rekviyem" kitabının ərsəyə gəlməsi Azərbaycan ədəbiyyatı üçün əlamətdar hadisədir: "Zakir bəyi jurnalistlər həmişə özünə yaxın biliblər. Çünki onun əsərlərində publisistika var. Zakir Fəxrinin yaradıcılığından danışanda ilk olaraq "Qalmaz, belə qalmaq" şeiri yada düşür. "Rekviyem" kitabı isə onun yaradıcılığında bir yenilikdir. Dünya yazarlarının bu janrda çox əsərləri var. "Rekviyem" isə Azərbaycan ədəbiyyatında bu üslubda yazılmış ilk əsərdir. Zakir bəyin əsrində kədər, hüzn, oğul xiffəti var. Kitab hamı üçün yazılıb. Onu kim oxusa özününki hesab edir. Kitabın təqdimatını Yazıçılar Birliyində də keçirmək olardı. "Rekviyem"i hamıya tanıtdırmaq üçün təqdimatını media, mətbuat səviyyəsində keçirdik!". Çıxışından sonra Əflatun Amaşov Zakir Fəxriyə xatirə hədiyyəsi və gül dəstəsi verdi. Sonra şair Musa Yaqub da Zakir Fəxrini təbrik edərək: "Hamımız Zakiri yaxşı tanıyırıq: şair, yazıçı, publisist və cəmiyyətə yararlı insan kimi. Zakirin çox əsərlərini oxumuşam, amma "Rekviyem" mənə tamam başqa cür təsir elədi. Əsər bəlkə də musiqi janrında yazılıb. Əsərdə xoşbəxtliyin və kədərin üzvi sintezi var. Oğlunun və dostlarının həyat yoldaşlarının ölümlərini fəlsəfi cəhətdən mükəmməl şəkildə birləşdirib və gözəl əsər yazıb. Bunu ancaq Zakir Fəxri edə bilərdi!" qeyd edib. Tədbirdə çıxış edən "OLAYLAR" qəzetinin baş redaktoru Yunus Oğuz Zakir Fəxrini əlamətdar gün münasibətilə təbrik edib: "Zakirin dərdi fərdi yox, bütün Azərbaycan xalqının dərdidir. O, millətin faciəsini şeirləri ilə bildirib. "Rekviyem"də "Mənə Füzuli şamı verin" deməklə şair məhz milləti elmə səsləyir. Zakirin ruhu dərdlidir!" deyib. Daha sonra çıxış edən müğənni Zaur Rzayev bildirib: "Həmişə Zakirə baxanda deyirəm ki, sənin simanda Şəhriyar kədəri var. Kədər, qəm-qüssə Zakiri gözəlləşdirir!". Tədbirin sonunda səbəkar bu cür çıxış etdi: "Mən mərasimlər xoşlayan adam deyiləm. Odur ki, elə yerlərə az-az hallarda gedirəm. Mərasimlərdə nəyə görəsə sıxılıram. Mənə qalan fələkdən oğurladığım günlər olub. Bu gün isə sizləri oğurlayıb bir kitabın dost işığına gətirmişəm!". (OLAYLAR) İA