Mənsum İbrahimov: “Torpaqlarımız bizdən küsüb!”

Bu gün Xalq Artisti, "Şöhrət" ordenli xanındə Mənsum İbrahimovun doğum günüdür. Məşhur muğam ifaçısı 52 yaşını qeyd edir. Səhnəmizin Məcnunun "Azadinform"a açıqlamasında hazırda yolda olduğunu bildirdi.
Opera və Balet Teatrının solisti doğum gününü axşam ailə üzvləri və dostları ilə qeyd edəcəyini dedi: "Dünən Gəncədə Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilən təntənəli mərasimdə çıxış edirdik. İndi Bakıya dönürəm. Artıq səhərdən sənət dostlarım, tələbələrim tərəfindən çoxsaylı təbriklər alıram". M.İbrahimov ən böyük arzusunu da dilə gətirdi. Sənətkar Qarabağ torpaqlarında konsert proqramı ilə çıxış edəcəyi günü səbirsizliklə gözləyir: "Mən Qarabağın Məcnunuyam. Amma hələ də o torpaqlara ayaq basacağım gün hansı mahnını oxuyacağımı fikirləşməmişəm. Əvvəlcə torpaqlarımızın könlünü almalıyıq, çünki onlar bizdən küsüb, inciyib. Torpağımızla barışandan sonra qəlbimdən hansı muğam keçsə, onu da oxuyacağam".
Xatırladaq ki, Xalq artisti M.İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunda anadan olub. O, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu və Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illiyinə həsr olunan müsabiqədə I dərəcəli diploma layiq görülən xanəndə mərhum sənətkarımız Şövkət Ələkbərovanın məsləhəti ilə Akademik Opera və Balet Teatrına dəvət olunub. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu ifa edir. Bununla yanaşı, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı istedadlı muğam ustasının böyük peşəkarlıqla yaratdığı obrazlardır.
Opera səhnəsindəki fəaliyyəti ilə bərabər Mənsum İbrahimov həm də xalq və bəstəkar mahnıları və muğamlarımızın gözəl ifaçısıdır. Dünyanın bir çox ölkəsində konsert proqramları ilə çıxış edən Xalq artisti Azərbaycan Milli Konservatoriyası və Konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin professorudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31