Bu payız
13 İyul 2015 13:48 MədəniyyətBu payız elə çox darıxıram ki,
Elə bil obam da, elim də yaddır.
Bu payız elə çox darıxmışam ki,
Dosta söz söyləyən dilim də yaddır.
Bu payız elə çox darıxıram ki,
Elə bil, dağlar da üstümə gəlir.
Qaçıram qoynunda bəd niyyətlərdən,
Ölü də, sağlar da üstümə gəlir.
Bu payız elə çox darıxıram ki,
Qəlbimdə yaranıb dərin bir boşluq.
Dəniz sularına qərq olmuş ürək,
Sahilə çıxmayır hər yanı daşlıq.
Bu payız elə çox darıxıram ki,
Halımı, sirrimi ürəyim bilir,
Nələr çəkirəmsə üzə vurmuram,
Yanıb kösöv olmuş kürəyim bilir..
Niyə qəzəbinlə qovurdun, Külək?!
Sevib bəslədiyim bağı, bağçanı,
Niyə qəzəbinlə qovurdun, Külək?!
Eşqinlə əriyən könül şamımın,
Külünü üzümə sovurdun Külək!
Fırtına, qasırğa olub gurladın.
Batırdın gəmimi qəm dəryasına,
Öldürdün kiçicik məsum duyğunu,
Dəvət eləmirəm, gəlmə yasına.
Bu dəfə günahkar olmadım, Külək,
Səbəbsiz, qəzəbdən qopdun, özün bil.
Fərhad külüngünün iti diliylə,
Bağrımın başını çapdın, özün bil!
Hər səhər mehimlə salamlaşırdım.
Daha gəlməyəcək səs, Dəli külək!
Şadlığı səninlə bölmək istədim,
Niyə qəzəbləndin bəs, Dəli külək!
Bəlkə
Bəlkə görüşünə gəldiyin qıza,
Ögey nəzərlərlə baxıb gedəsən?!
Bəlkə də ötəri salamı verib,
Tanımamış kimi çıxıb gedəsən?!
Toxunsan telinə, bəlkə, sızlayar,
Sığınsan əlinə donub buzlayar,
Safdır, baxışları yanlış anlayar,
Bəlkə kölgə olub çıxıb gedəsən?!
Gəlmisən ağlını döyə-döyə sən,
Ürəyin xətrinə dəyə-dəyə sən.
"Getmə" öz -özünə deyə-deyə sən,
İzini torpağa yaxıb gedəsən?!
Bəlkə, nə qədər ki an yetişməyib,
İkiyə bölünən can bitişməyib,
Gözündən ilk eşqi dan ötüşməyib,
Hicranın əlini sıxıb gedəsən?!
Şəhla Ramazanqızı