“Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti” adlı kitab çap edilib
9 İyul 2015 14:24 MədəniyyətFəlsəfə üzrə fəlsəfə doktoru, ədəbi tənqidçi Sabir Bəşirovun "Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti" adlı kitabı işıq üzü görüb. Kitabda Yunus Oğuzun "Attila", "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur", "Şah arvadı və Cadugər" əsərlərinə toxunan müəllif qeyd edir ki, Yunus Oğuz hər bir əsəri ilə bir dövrə, hadisələrə aydınlıq gətirir. Sabir Bəşirov təəssüf hissi ilə qeyd edir ki, Yunus Oğuz kimi tarixi dərindən bilən, həm də bədii təfəkkürlü yazıçılarımız demək olar ki, yoxdur: "80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi, tarixi əsərlər müəllifi, yaş etibari ilə ən cavanı Yunus Oğuz o yazıçılardandır ki, sakitcə, hay-küysüz, ilk mənbələr əsasında, böyük zəhmət hesabına bir-birinin ardınca çox qiymətli tarixi əsərlər yazır".